Onun içində həmişə bir qorxu var idi İstənilən işə girişəndə ağlına gələn ilk fikir bu idi: “Alınmayacaq. Mən bacaran iş deyil”. Evdə də belə idi, həyətdə də, məktəbdə də. Qrup işləri, kollektiv müzakirələr zamanı növbə ona çatanda ağzına su alıb dururdu. Ondan söz qoparmaq müşkül məsələ idi, çünki daim beynində bir fikir dolaşırdı: “Birdən səhv deyərəm, mənə gülərlər”. Artıq 5-ci sinifdə oxuyurdu, amma bu müdhiş xof onu tərk etmirdi.
Bir gün axşam dərslərini hazırlayırdı. Müəllim yaşadıqları şəhərdəki tarixi-mədəni abidələr haqqında məruzə hazırlamağı tapşırmışdı. Ramin internetdən tapdığı məlumatları dəftərində qeyd edə-edə düşünürdü: “Nə faydası?! Məndən məruzəçi olar? Dilim topuq vuracaq. Uşaqlar gülüşəcəklər”.
Birdən arxadan kimsə əlini onun çiyninə qoydu. Atası idi.
- Deyəsən, məruzə hazırlayırsan, - deyə atası dəftərdəki qeydlərə baxdı. - Maraqlıdır... Yəqin ki, hamının xoşuna gələcək.
- Hə, kaş məndən iki nəfər olaydı: biri məruzəni hazırlayaydı, o biri də çıxış edəydi.
- Niyə, özünə nə olub ki?..
- Nə bilim. Özümlə bacara bilmirəm.
Atası otaqdan çıxıb əlində alabəzək torba geri qayıtdı.
- Gəl səninlə bir oyun oynayaq, - dedi, - bu torbanın içində səkkiz dənə kiçik şar var. Dördü qırmızı, dördü də mavi rəngdədir. Torbaya baxmadan əlini salıb dörd şar çıxar. Əgər dördü də qırmızı rəngdə olsa, sabah dərs başlayan kimi əlini qaldırıb müəllimdən xahiş etməlisən ki, məruzə üçün sənə söz versin.
Oyunun şərtləri Ramini maraqlandırdı. Gülüb dedi:
-Ata, eyni rəngli dörd şarın çıxmaq ehtimalı çox azdır ha!