Qapını açıb yerimə keçmək üçün icazə istədim. Elşən müəllim məni çoxdan gözləyirmiş kimi dedi:
- Zamanlı, vaxtında qayıtmısınız. Ümid edirəm ki, boğazınız qaydasındadır. Buyurun, məsələnizin həllini bizə göstərin.
Elə bil başıma qaynar su tökdülər. Çarəsiz halda lövhənin qarşısında dayanaraq bir sinfə, birdə müəllimə baxıb kəkələdim:
-Artilleriya mərmisi... Topdan atılan mərmi...
Elşən müəllim mənə yaxınlaşıb diqqətlə üzümə baxdı. Mən başımı aşağı saldım. Müəllimin sərt səsi qulağımda cingildədi:
- Zamanlı, siz sinfimizin davranış qaydalarının 2-ci maddəsini pozmuşunuz: müəllimi aldatmaq istəmisiniz. Cəzanızı müəyyən etməyi öz öhdənizə buraxıram. Keçin, əyləşin.
Mən yerimdə əyləşdim. Yanaqlarım od tutub yanırdı...
Sonuncu dərsdən sonra riyaziyyat kabinetinə yaxınlaşdım. Qapıdan boylandım. Elşən müəllim otaqda tək idi. Kompüterdə nə isə yazırdı.
- Olar?
Müəllim başını qaldırmadan dedi:
- Gəlin, Zamanlı, keçin içəri.
Mən otağa daxil olub onun masası qarşısında dayandım. Titrək səslə dilləndim:
- Müəllim, mən üzr istəməyə gəlmişəm. Bu, bir daha təkrar olunmayacaq.
Elşən müəllim diqqətlə gözlərimə baxdı. Mən bu nəzərlərə tab gətirməyib başımı aşağı saldım. Gözümdən bir damla yaş süzülüb döşəməyə düşdü. Nəhayət, o dilləndi:
- Siz özünüzə kifayət qədər sərt cəza seçdiniz. Günahı başa düşüb üzr istəmək mərdlikdir.
Sonra printerdə nə isə çap edib vərəqi dörd qatladı və zərfin içinə qoyub mənə uzatdı: