1815-ci il dekabr ayının 10-da böyük ingilis şairi Corc Bayronun ailəsində bir qız dünyaya gəldi. Adını Ada qoydular.
Lap kiçik yaşlardan ailədə Adanın təhsili ilə ciddi məşğul olurdular. Onun müəllimləri o dövrün tanınmış alimləri idilər.
Adanın elmə böyük həvəsi var idi. Balaca qız saatlarla otağında oturur, nə isə yazır, çəkir, hesablamalar aparırdı. Adanın ən sevimli məşğuliyyəti riyaziyyat idi. 12 yaşı olanda o, uçan aparat quraşdırmışdı!
Gənc yaşlarında Ada gözəl və cazibədar olmaqla yanaşı, təbiətən çox güclü və iradəli xanım idi. O, İngiltərənin görkəmli şəxsləri - yazıçı və alimləri ilə tanış olmuşdu. Geniş bilik dairəsinə malik olan bu xanım məşhur elm adamları ilə ünsiyyətdə çox sərbəst idi.
Adanın həyatında ən əlamətdar hadisə isə Çarlz Bebbiclə tanışlığı oldu. Bu alim ilk hesablama maşınının yaradıcısı idi. Çox sonralar kompüter yaradan alimlər Bebbicin bu ixtirasından yararlanmışdılar.
Ada professor Bebbicin emalatxanasına tez-tez gedirdi. Bu emalatxanada Ada ilə tanış olmuş alimlərdən biri xatirələrində yazır: “Qonaqlar Bebbicin qəribə maşınını çaşqınlıqla seyr edirdi. Ada isə onun iş prinsipini başa düşmüş və ixtiranın böyük əhəmiyyətini qiymətləndirməyi bacarmışdı”. Üstəlik, Ada bu maşının köməyi ilə həll etmək üçün məsələlər təklif edirdi. Onun təklifləri hamını, o cümlədən ixtiraçının özünü də təəccübləndirmişdi.
O vaxtdan Ada və Bebbic dostlaşdılar. Professor Adanın riyaziyyata olan meylini dəstəkləyir, ona biliyini artırmaq üçün kitablar verirdi. Sonralar Ada və Çarlz Bebbic arasında sıx əməkdaşlıq münasibətləri yarandı. Bebbic Adanı “rəqəmlərin ovsunçusu” adlandırırdı.
Dərin elmi biliklərlə yanaşı, incə qadın xarakterinə, yüksək zövqə malik olan, mükəmməl musiqi təhsili almış Ada 20 yaşında ailə həyatı qurmuşdu. Amma o, üç uşaq anası olduqdan sonra da öz sevimli işindən uzaqlaşmadı.
1842-ci ildə Bebbicin hesablama maşını barədə mühazirələri fransız dilində ayrıca kitab kimi nəşredilmişdi. Bebbicin xahişi ilə Ada həmin yazını ingilis dilinə tərcümə etdi. Lakin onun bir ildən çox vaxt sərf etdiyi bu iş sadəcə tərcümə deyildi. Ada bir çox məqamlara aydınlıq gətirmiş, şərhlər yazmış, əlavələr etmişdi. Nəticədə onun əlavələri həcmcə əsas mətndən üç dəfə artıq olmuşdu. Əslində, Ada hesablama maşınının müfəssəl təsvirini vermiş, bu maşın üçün ilk proqramları yaratmışdı.