Tağıyev vaxtilə daşyonan işləyərkən istifadə etdiyi baltanı evinin ən görkəmli yerində divardan asırmış. Son dərəcə zəngin bir evin divarında bu kobud alətin asılması çoxları tərəfindən təəccüblə qarşılanırmış. Hacı isə onlara deyirmiş: “Hər gün bu baltaya baxıb keçmiş günlərimi yada salıram ki, naşükürlük qurdu ürəyimə yol tapmasın”.
Bir gün Axund Hacı Əbu Turab Hacı Zeynalabdin üçün “Yasin” surəsini oxuyub tərcümə edirdi. 82-ci ayəyə, yəni "Allah bir şeyə iradə eləsə, ona "Ol!" deyər, o da dərhal olar" ayəsinə çatanda Hacı soruşdu: “Axund, mənim bu qədər var-dövlətim var. Yəni Allah istəsə, bir anın içində onu əlimdən alar?” Axund cavab verir: “Bəli! İstəsə, alar". Azərbaycanda sovet hakimiyyətinin qurulması ilə, demək olar ki, bütün sərvəti əlindən alınan Hacı vəsiyyət edir: “Öləndə məni Hacı Əbu Turabın ayağının altında dəfn edərsiniz, çünki onun ayağının bildiyini mənim başım bilmirmiş”.
Hacı Zeynalabdin Tağıyev xalqımızın yaddaşında böyük xeyriyyəçilik işləri ilə qalıb. O, Bakıya şollar suyu çəkdirmiş, qızlar seminariyası açmış, bir çox yazıçılara, alimlərə, sənət adamlarına yardım etmişdir.
XIX əsrin 90-cı illərində Hindistandan vətəninə gedən Con Daltner adlı bir ingilis zadəganı Hacının qonağı olarkən onun xeyriyyəçilik və maarifçilik fəaliyyətinə o qədər heyran olmuşdu ki, ölkəsinə qayıtdıqdan sonra Edinburq şəhərində öz vəsaiti hesabına Hacının abidəsini ucaltdırmışdı. Bu, Avropada ucaldılan ilk azərbaycanlı heykəli idi.