...Nə qədər yatdığını özü də bilmirdi. Göz qapaqlarını açanda qarşısında kiçik, qara bir nöqtənin tərpəndiyini gördü.
Bir-iki dəfə gözünü açıb-yumdu və bir daha diqqətlə baxdı. Qarışqa divarda, həmin yerində idi və əvvəlki kimi üzüyuxarı dırmaşırdı.
“Nə inadkar məxluqdur bu?! Düz yeri qoyub divara dırmaşır... Bəlkə, belə lazımdır?! Bəlkə, xoşbəxtlik zirvəyə çatmaqda deyil, ona can atmaqdadır?! Bəlkə, yol daha çətin olduqca insan da bir o qədər xoşbəxt olur?! Onda mən niyə zarıyıram?! Yəni bu qarışqa qədər də olmadım?! Böyük iş olub, ayağım axsayacaq! Guya ki ölkələri qaça-qaça fəth edəcəkdim. Ağlım yerində, qüdrətimi itirməmişəm... Yox, sevinməyin, düşmənlər! İndi üstünüzə Topal Teymur gəlir! O sizdən mərhəmət diləmir, lakin siz də ondan aman gözləməyin!
Teymur salamat qoluna dirsəklənib taxtda oturdu. Ağrılara baxmayaraq, yaralı ayağını yavaş-yavaş taxtdan aşağı salladı. Ayağa qalxdı, ancaq yeriyə bilmədi. Bütün ətrafı lərzəyə gətirən bir səslə qışqırdı:
- Ey, kim var orda?!.