Beləcə, Elşən müəllim bizim iştirakımızla doqquz qayda tərtib etdi. O, kağıza nəzər salıb dedi:
- Belə. İndi bizim doqquz davranış qaydamız var. Bilirsiniz, niyə doqquz?.. Çünki bu rəqəm qaydanı sevir və onu heç vaxt pozmur. Doqquzu istənilən başqa ədədə vuranda hasildəki rəqəmlərin cəmi doqquza bərabər olur və ya doqquza bölünür.
Sinif rəhbərimiz belə idi: hər şeyi riyaziyyatla bağlayırdı.
Elşən müəllim sinifdə elan etmişdi ki, hər ayın sonunda dərslərinə yaxşı hazırlaşan 10 nəfəri mükafatlandıracaq. Bu ayın sonunda həmin 10 şagirdi Şamaxı rəsədxanasına ekskursiya gözləyirdi. Mənim hesabımla bu siyahıya düşmək ehtimalım böyük idi. Amma ayın sonuna üç gün qalmış...
Elşən müəllim hamıya iş vərəqləri paylayıb fərdi tapşırıqlar verdi. Özü isə müəllim masası arxasında əyləşib kitab oxumağa başladı. O, həmişə belə edir, başqa müəllimlər kimi partaların arası ilə gəzib şagirdlərə nəzarət etmir. İlk dərslərdə bəzi uşaqlar bundan istifadə edib bir-birinə kömək etmək istəyirdilər. Sonra məlum oldu ki, Elşən müəllimin gözü kitabda olsa da, o, sinifdə hamını görür, hətta partaların altında nə baş verdiyini də bilir.
Mən iş vərəqindəki məsələdən heç cür baş çıxara bilmirdim. Orada artilleriya mərmisi haqqında danışılırdı. Mərmi topdan çıxdıqdan sonra filan sürətlə uçub hədəfə dəyirdi. Soruşulurdu ki, hədəf filan qədər uzaqlaşdırılsa, mərmi neçə saniyəyə ona çatar. Bir sözlə, hər şey o qədər dolaşıq idi ki, məsələnin şərtini neçə dəfə oxusam da, başa düşə bilmirdim.
Fərdi tapşırıqlara ayrılmış vaxt bitdi. Elşən müəllim şagirdlərin işini yoxlamağa başladı. Artıq növbə mənə çatırdı. Mən bərkdən öskürməyə başladım. Mənim belə bir məharətim var: istədiyim vaxt yalandan öskürə və asqıra bilirəm. Gözüm yaşaranacan öskürdüm və nəhayət, Elşən müəllimin diqqətini özümə cəlb edə bildim. O mənə baxanda tez dedim:
- Müəllim, öhö-öhö, boğazımda, öhö, nə isə qalıb. Öhö-öhö, həpçi... Olar, həkimə gedim?
- Gedin, Zamanlı. Çalışın, tez qayıdasınız.
Mən öskürə-öskürə sinifdən çıxdım. Dərsin sonuna 25 dəqiqə qalırdı. Mən bir müddət dəhlizdə, pilləkənlərdə veyilləndim. Birtəhər 15 dəqiqəni ötüşdürdüm və sinfə qayıtdım.