Cavanşir Qafqaz Albaniyasının ən qüdrətli hökmdarlarından olmuşdur. Onun hakimiyyəti dövründə ölkə uğurlu xarici siyasət nəticəsində Şərqin ən güclü dövlətlərindən birinə çevrilmişdi.
Daim xalqın qayğısına qalan Cavanşir çox çətin və mürəkkəb bir dövrdə ölkənin müstəqilliyini qoruyub saxlaya bilmişdi. O, qonşu xalqlarla münasibətdə ortaya çıxan problemləri sülh və danışıqlar yolu ilə həll etməyi bacarırdı. Buna görə də Cavanşir Azərbaycan tarixinə həm də istedadlı... kimi daxil olub.
Cavanşir Bərdədən Dəməşqə yola düşəndə camaat küçələrə axışdı. Ölkəni dəfələrlə basqınlardan xilas etmiş Cavanşir Arran əhalisinin, xüsusən bərdəlilərin böyük rəğbətini qazanmışdı. Lakin bu gün o çox fikirli idi. Ölkədə Ərəb xilafətinin getdikcə artan zülmü hökmdarı narahat edirdi.
Şərqin böyük bir hissəsini zəbt etmiş Ərəb xilafətinin dəmir əlləri indi də Albaniyanın boğazına çatmışdı. Cavanşirin xilafətlə incə siyasəti olmasaydı, bu əllər xalqın boğazını çoxdan sıxmışdı. Xəlifənin hüzuruna gedən Cavanşir düşünürdü: xalqını ərəb qoşunlarının qılıncından xilas edə biləcəkmi?
...Xəlifə içəri girəndə keşikçinin işarəsi ilə Cavanşir əllərini sinəsində çarpazlayıb baş əydi. Xəlifə üzünü Cavanşirə çevirib təbəssümlə:
- Şərqin hökmdarı xoş gəlib, səfa gətirib, - dedi.
Cavanşir bir qədər irəli gəlib xəlifənin taxtına üç addım qalmış dayandı:
- Sənin kimi böyük hökmdarın ziyarətinə yetişə bilməyimə çox şadam. Bu səadəti bizə bəxş etdiyinə görə sənə minnətdaram.
Xəlifə soruşdu:
- Şərqin hökmdarının təşrif buyurmaqda məqsədi nədir?
- Gəlişimizdə məqsəd mərhəmətini öz üzərimizdə görmək şərəfinə nail olmaqdır.
Xəlifə razılıq əlaməti olaraq başını tərpətdi və dedi:
- Biz səni Arran hökmdarı kimi tanıyırıq. İndi Azərbaycanın da idarəsini sənə tapşırmaq fikrindəyik.
- Sənin lütfünün hüdudu yoxdur, əmirəlmöminin, ancaq qorxuram ki,bacarmayam, Azərbaycan böyük ölkədir.