Eradan əvvəl IV əsrdə Afinada yaşamış Demosfen dünya tarixində ən güclü ritorika ustası - natiq kimi məşhurdur. O bütün ömrünü vətəninə həsr etmiş və onun azadlığı uğrunda mübarizədə həlak olmuşdur.
Demosfen uşaqlıqda çox arıq, cılız və fiziki cəhətdən zəif idi. Demosfenin atası ona böyük miras qoymuşdu. Lakin qəyyumları bu pulları ona verməkdən imtina edirlər və atasının vəsiyyətnaməsini yandırırlar. Onda Demosfen məhkəməyə müraciət etmək qərarına gəlir.
Afina məhkəməsi ədalətli idi. Lakin burada qalib gəlmək üçün inandırıcı və gözəl nitqlə çıxış etmək lazım gəlirdi. Bu nitq qanunlara və faktlara əsaslanmalı, məntiqli olmalı idi ki, hakimlərin qərarına təsir edə bilsin.
Demosfen anlayırdı ki, məhkəmədə savadlı çıxış etmək üçün o, ilk növbədə, Afina qanunlarını yaxşı bilməlidir. Buna görə də gənc Demosfen dövrünün ən yaxşı vəkillərinin yanında dərs almağa başlayır və yunan hüququnu dərindən mənimsəyir.
O dövrdə Afinada natiqlik sənəti dəbdə idi. Güclü natiqlər böyük nüfuz sahibi idilər. Onlar açıq meydanlarda çıxışları ilə xalqı arxalarınca aparır, dövlətin siyasətinə təsir göstərə bilirdilər.
Beləliklə, Demosfen ilk dəfə kütlə qarşısına çıxır. Gözəl və mənalı bir mətn hazırlayır. Lakin gənc natiqin xalq qarşısında ilk çıxışı çox uğursuz nəticələnir: camaatın səs-küyü, gülüşü onun zəif səsini batırır, çıxışını bitirməyə imkan vermir. Bundan başqa, Demosfen yüngülcə kəkələyirdi, diksiyası anlaşıqlı deyildi və T səsini tələffüz edə bilmirdi. Danışarkən həyəcanlanır, bu zaman tez-tez çiynini atırdı və camaat qarşısında şax dayana bilmirdi.