Nəsirəddin Tusi 1201 -ci ildə Tus şəhərində anadan olmuşdur. O, dövrünün tanınmış elm adamlarının yanında təhsil almışdır.
Nəsirəddin gənclik illərində biliyini artırmaq məqsədilə Yaxın və Orta Şərqin bir sıra böyük şəhərlərinə səfər etmişdi. Sonralar böyük mütəfəkkir yazırdı: "Hansı fənnə aid müəllim tapdımsa, ondan həmin elmi öyrəndim". Aldığı hərtərəfli və dərin biliklər gənc alimi az bir vaxtda məşhurlaşdırır. Otuz yaşında ikən hökmdar onu sarayına dəvət edir və əxlaq barədə kitab yazmağı tapşırır. Beləliklə, Nəsirəddin Tusi sonralar ona bütün dünyada böyük şöhrət qazandıran məşhur “Əxlaqi-Nasiri” əsərini yazır.
Müəllif “Əxlaqi-Nasiri” əsərində yazırdı: “İnsan çox danışmamalı, başqasının sözünü yarımçıq kəsməməli, başqasının nağıl etdiyi hekayət və ya rəvayəti bilirsə, bunu üzə vurmamalı və onun danışıb qurtarmasına imkan yaratmalıdır. Başqasından soruşulana cavab verməməli, ümumiyə edilən sualda camaatı qabaqlayıb irəli düşməməlidir. Biri cavab verirsə, daha qabil cavab verməyə qadir olsa da, səbir etməli, o, sözünü qurtardıqdan sonra öz cavabını verməlidir. Başqalarının söhbətinə qarışmamalı, onlara gizlin qulaq asmamalıdır; özləri müraciət etməsələr, söhbətə qoşulmamalıdır”.
Bir müddət sonra hökmdarın qəzəbinə düçar olan gənc alim həbs edilərək əlçatmaz dağ zirvəsində yerləşən Ələmut qalasına aparılır. O, burada məşəqqətli sürgün həyatı keçirir. Xoşbəxtlikdən qalada zəngin kitabxana var idi. Nəsirəddin Tusi həbsdə keçirdiyi 12 il müddətində elmi yaradıcılıqla məşğul olmuş və bir sıra qiymətli əsərlər yazmışdır.
Çingiz xanın nəvəsi Hülakü xanın Yaxın Şərqə yürüşü ilə Tusinin məhbus həyatı sona çatır. Xan Nəsirəddini və digər alim məhbusları azad edir. Nəsirəddin Hülakü xanın şəxsi məsləhətçisi təyin olunur.