Bu il ilk dəfədir ki, bizə hər fəndən bir müəllim dərs deyir. Yavaş-yavaş yeni müəllimlərimizə alışırıq. Amma əvvəllər bizə dərs demiş sinif müəllimimizi unutmuruq. Gülər müəllim o qədər mehriban, qayğıkeş idi ki! Hər bir istəyimizi çəkinmədən ona deyirdik. İndi də tənəffüs vaxtı tez-tez onun yanına gedirik. Gülər müəllim bizi qucaqlayıb öpür, dərslərimiz, yeni müəllimlərimiz barədə soruşur. Onun dediyinə görə, bəxtimiz gətirib ki, Elşən müəllim kimi bir riyaziyyatçı indi bizim sinif rəhbərimizdir.
Elşən müəllim, doğrudan da, çox maraqlı dərs keçir. Amma o bizim üçün ilk müəllimimiz kimi doğma deyil. Gülər müəllim bizi adımızla çağırırdı, “sən” deyə müraciət edirdi. Elşən müəllim isə hər birimizə “siz” deyir, soyadımızla çağırır. Əslində, bu mənim xoşuma gəlir, özümü böyük adamlar kimi hiss edirəm. Amma hərdən istəyirəm ki, o mənə “sən” desin.
Elşən müəllim ilk gündən sinifdə nümunəvi nizam-intizam yaratdı. Yox, elə bilməyin ki, o bizim üstümüzə qışqırır, valideynlərimizi məktəbə çağırtdırır. Heç də belə deyil. O, hərdən bizlə zarafat da edir. Doğrudur, özü heç vaxt gülmür, amma bizi güldürür. Bu gülüş sinifdə nizam-intizama xələl gətirmir, əksinə, onu möhkəmlədir. Çünki Elşən müəllimin istəyi ilə başlayır və onun istəyi ilə bitir.
Sinif rəhbərimiz qaydaları çox sevir. Deyir ki, həyatda da riyaziyyatdakı kimi dəqiq qaydalar olmalıdır. İlk dərsdə o, divardan böyük bir kağız asdı. Kağızın yuxarısında yazılmışdı:
5A SİNFİNİN DAVRANIŞ
QAYDALARI
Elşən müəllim kağızın üzərində iri hərflərlə yazdı: