Azərbaycanın qədim şəhərlərindən biri olan Şuşada belə bir gül var, adına xarıbülbül deyirlər. Bu gül haqqında maraqlı əfsanə danışırlar.
Deyilənə görə, bir güllə bülbül dostluq edirdilər. Çox vaxt bir yerdə olur, bir-birinə ilham verirdilər. Bülbül cəh-cəh vurub səs salır, gül də xoş rayihəsini ətrafa yayırdı. Onların bu dostluğu hamını heyran edir, riqqətə gətirirdi. Yalnız küləkdən başqa. Külək öz vıyıltısına aşiq idi, gücü, qüvvəti ilə qürrələnirdi.
Bir gün bülbül çəmənlikdə olmayan vaxt külək əsib-coşdu, aləmi tozanaq bürüdü. Nəhəng çinarlar, uca sərvlər, salxım söyüdlər onun qarşısında əyilirdi. Külək ona müqavimət göstərmək istəyənlərin qol-budağını sındırıb yerləyeksan edirdi. Yalnız zərif, gözəl ətirli gül küləyin azğınlığına tabe olmurdu. Bunu görən külək heyrətə gəldi:
-Ay zərif gül, sən hansı cəsarətlə mənə baş əymirsən? Sən bu gücü haradan alırsan?
Gül inamla cavab verdi:
- Dostluqdan! Bülbül gəlib çıxar, məni əyilməyə qoymaz.
- Baxarıq!.. Sən dostunu sına, mən də gücümü...
Külək bu sözləri deyib kükrədi. Zərif otlardan tutmuş fil gövdəli ağaclara qədər hamı ona baş əyirdi, gül isə əyilmirdi. Lakin onun da müqaviməti tükənməyə başlayırdı. Çünki o, tək qalmışdı. Əgər bülbül yanında olsaydı...
Nəhayət, gülün bir yarpağı əyildi, ləçəkləri titrədi. Külək qələbəsindən cuşa gələrək daha bərkdən uğuldadı. Bir az da keçəcək, gül təslim olacaq, boynu büküləcək, qaməti əyiləcəkdi. Bu vaxt bülbül özünü gülün harayına çatdırdı. O, sinəsini yavaş-yavaş əyilən gülün köksünə söykədi, onun əyilən qamətini düzəltdi. Ancaq gülün xarı - tikanı onun sinəsinə sancıldı. Bülbül geri çəkilmədi, gülü əyilməyə qoymadı. Dostu uğrunda özünü fəda edən bülbül gülün ləçəyində donub-qaldı. O gündən bu gül “xarıbülbül” adlanır.