GÖYGÖL
Çiskinli bir gündə gəldim bu yerə,
Dumanda görünməz, dumandı Göygöl.
Tənha qayalara, lal meşələrə,
Zülmət gecələrə hayandı Göygöl.
Bir səhər gördüm ki, durulub yatır,
Kəpəzin dibində burulub yatır.
Qovulan ceyrantək yorulub yatır,
Daş atdım, diksinib oyandı Göygöl.
Döşünü qayıqlar düymətək bəzər,
Dedim, bu görkəmlə Xəzərə bənzər,
Qızını yaylağa köçürüb Xəzər;
Baxdı, cilvələndi, nazlandı Göygöl.
Yel əsdi, yarpaqlar suya töküldü,
Göy çitə tünd-sarı güllər tikildi...
Buludla ağladı, günəşlə güldü,
Deyəsən, bir kövrək insandı Göygöl...
Məmməd Araz
Düşün və cavab ver
1. Şair Göygölü ilin hansı fəslində təsvir edir
2. Şair niyə Xəzəri Göygölün anası hesab edir?
Söz ehtiyatı
3. 2-ci bənddə durulub, burulub, yorulub sözlərindən hansı məcazi
mənada işlənib?
4. Mavi rənglə verilmiş söz və ifadələr üçün ortaq xüsusiyyəti müəyyən
edin.
A) Eyni nitq hissəsinə aid olması
B) Məcazi məna daşıması
C) Quruluşca eyni olması
5. Altından xətt çəkilmiş misranı necə başa düşürsünüz?