Aşqabadda Nuryağdı adlı bir rəssamın qonağı idik. Cəmi 26 yaşı olmasına baxmayaraq, Nuryağdı çox istedadlı idi. Onun emalatxanasında gördüyüm bir itin portretini hələ də unuda bilmirəm. Bu portret emalatxananın ən görkəmli yerində asılmışdı. Qulaqları kəsik, boz rəngli nəhəng köpəyin qeyri-adi dərəcədə canlı çəkilmiş mənalı baxışları var idi...
Sonra mən Nuryağdıgildə həmin itin divardan asılmış fotoşəklinə rast gəldim. Marağım daha da artdı. Düşündüm ki, görəsən, şəkildəki it hansı xidmətlərinə görə bu evin sevimlisinə çevrilib? Nə qədər ora-bura boylansam da, it özü gözümə dəymirdi. Axırda dözməyib şəklə işarə ilə Nuryağdıdan soruşdum:
- Sizin itinizdir?
- Bizim idi, - rəssam dostum dedi, - on ildir ölüb. Qocalıb əldən düşmüşdü... Hə, yeri gəlmişkən deyim ki, o məni ölümdən xilas edib...
Bu zaman qapının ağzında qəddi azca əyilmiş arıq, qoca bir kişi göründü. Qısa vurulmuş, seyrək, ağappaq saqqalı vardı. Türkmənlərə məxsus qıyıq gözləri gülürdü. Əllərini sinəsində cütləyərək bizi salamladı.
Nuryağdı kişini bizə təqdim etdi:
- Tanış olun, atamdır. Yaxşısı budur, Bozlar haqqında o özü danışsın.
Qoca bizə belə bir əhvalat söylədi.
O vaxt biz şəhərin ucqar, gözdən-könüldən İraq bir məhəlləsində yaşayırdıq. Nuryağdı yenicə anadan olmuşdu. Evimizdə şənlik idi, körpə Nuryağdı da qonşu otaqda yatırdı. Şər qarışanda qonaqlar dağıldı. Sonuncu qonağı yenicə yola salmışdım ki, birdən arvadım başılovlu özünü mənə yetirdi. Əsə-əsə dedi ki, uşaq beşikdən yoxa çıxıb. Mən tez körpə yatan otağa cumdum. Doğrudan da, beşik boş idi. Çaşıb-qalmışdım. Doğrudanmı, uşağı oğurlayıblar? Axı Bozlar sayıq it idi, evə gecə-gündüz keşik çəkirdi. Düzdür, o vaxt cəmi 3 yaşı var idi, amma onun qorxusundan quş quşluğu ilə bu həndəvərdən uçmazdı. Bu qədər adamın yanında uşağı evdən qaçırmışdılar. Belə çıxır ki, it sayıqlığını itirib?