Yaz gələndə atam tez-tez yaxın dostları ilə təbiət qoynuna çıxırdı. Onlar tilov, fotoaparat, çadır və başqa lazımi əşyaları yığıb maşınlarla yola düzəlir, iki-üç gün səyahətdə olurdular. Mən həmişə atamın qayıtmasını səbirsizliklə gözləyirdim. Çünki o heç vaxt belə səfərlərdən əliboş qayıtmırdı. Zənbillərlə dolu göbələk, balıq, müxtəlif otlar, güllər gətirirdi. Nənəm onun gətirdiklərinə baxıb deyərdi:
- A bala, lap babana çəkmisən...... rəhmətlik də əsl çöl adamı idi. Günlərlə meşədə, dağda qalardı, heç vaxt da əliboş qayıtmazdı.
Mən atamın təbiət qoynunda dostları ilə çəkdirdiyi şəkillərə baxdıqca onlara həsəd aparırdım. Düşünürdüm ki, kaş mən də tez böyüyəydim, atam məni özü ilə səyahətə aparaydı. Hərdən ehmalca onun yanında bu haqda söz salırdım. O isə zarafatla qolumdan yapışıb əzələlərimi yoxlayır və deyirdi:
-Təbiətdə yaşamaq fiziki güc tələb edir. Bütün günü ayaq üstə işləməli olursan. Yemək tapmaq, odun daşımaq, ocaq qalamaq, çadır qurmaq elə də asan deyil. Sən hələ bir az da əzələ yığmalısan. Cırtdan deyilsən ki, sənin odun şələni biz daşıyaq.
Bu sözlərdən sonra mən gündə idman edirdim. Hər dəfə də güzgü qarşısında dayanıb əzələlərimə baxırdım. Mənə elə gəlirdi ki, onlar getdikcə böyüyür. Ancaq atam nədənsə bunu hiss etmirdi. Hərdən o, evdə olanda mən köynəyimi çıxarıb əzələlərimi şişirdərək saymazyana otaqda gəzişirdim. Atam isə gözucu mənə baxıb gülümsünürdü.
Nəhayət, bir gün, deyəsən, atam mənim böyüdüyümü hiss etdi. Axşam səfər çantasını yığışdırarkən dedi:
- Dur kömək elə. Sabah bizimlə gedəcəksən.
Mənim sevincimin həddi-hüdudu yox idi...