HEYDƏRBABAYA
SALAM
Heydərbaba, ildırımlar çaxanda,
Sellər, sular şaqqıldayıb axanda,
Qızlar ona səf bağlayıb baxanda
Salam olsun şövkətüzə, elüzə,
Mənim də bir adım gəlsin dilüzə.
Bayram yeli çardaqları yıxanda,
Novruzgülü, qarçiçəyi çıxanda,
Ağ buludlar köynəklərin sıxanda
Bizdən də bir yad eləyən sağ olsun,
Dərdlərimiz qoy dikəlsin, dağ olsun.
Heydərbaba, dağın-daşın sərəsi,
Kəklik oxur, dalısında fərəsi,
Quzuların ağı, bozu, qərəsi,
Bir gedəydim dağ-dərələr uzunu,
Oxuyaydım: “Çoban, qaytar quzunu”.
Biçin üstü sünbül biçən oraqlar,
Elə bil ki zülfü darar daraqlar,
Şikarçılar bildirçini soraqlar,
Biçinçilər ayranların içərlər,
Bihuşlanıb sondan durub biçərlər.
Heydərbaba, kəndin günü batanda,
Uşaqların şamın yeyib yatanda,
Ay buluddan çıxıb qaş-göz atanda
Bizdən də bir sən onlara qissə de,
Qissəmizdə çoxluca qəm-qüssə de.
1. “Çoban, qaytar quzunu”
sözləri hansı mahnıdandır?
2. Tünd rənglə verilmiş sözlərin
mənasını izah edin.
3. Bihuşlanıb sözünü kök və
şəkilçilərə ayırın.
4. Biç sözündən yaranmış eyniköklü
sözləri
müəyyən edin.
5. İzahlı lüğətin köməyi ilə
qissə
sözünün
mənasını izah edin.
6. Çoxluca sözündəki ca
hissəciyi sözün
mənasına
necə təsir edir?