Uyğunlaşa bilmədiyin, buna görə də acıladığın insanları bir gün ulduz kimi itirə biləcəyin ağlına gəldimi?..
- Amma, müəllim, Salehlə qəsdən dalaşmadım axı! Kimsə mənim kürəyimə toxunanda istər-istəməz əsəbiləşirəm. O isə bunu bilə-bilə arxadan gəlib kürəyimə yumruq vurur, məni cırnadırdı. Mən də dözmədim.
-Anlayıram. Mən Salehlə də danışmışam. Ona tapşırmışam ki, bu cür hərəkətlərindən əl çəksin. Səninlə də kiçik bir müqavilə bağlayaq. Kürəyinə kimsə toxunanda ona qədər sayacaqsan. Hirsin keçənə qədər heç kimlə danışmayacaqsan. Razılaşdıq?
- Çalışaram, müəllim.
Bundan sonra kimsə kürəyinə dəyəndə, ya vuranda Nahid heç səsini də çıxarmırdı, müəllimin dediklərini xatırlayıb ona qədər sayırdı. Doğrudan da, hirsi keçirdi. Hər dəfə Nahidin təmkinli davranışı ilə qarşılaşan sinif yoldaşlarında da onu cırnatmaq həvəsi yavaş-yavaş yox olurdu.
Bir gün məktəbdən çıxıb evə gedirdi. Dərin fikrə dalmışdı, ətrafa qətiyyən fikir vermirdi. Birdən
kürəyinə bərk bir şeyin toxunduğunu hiss etdi. Özündən asılı olmayaraq yumruğunu var gücü ilə sıxdı. Qan beyninə vurdu, boynundakı damarlar şişdi. Geriyə dönüb kürəyinə vuran adamın üstünə atılmaq istəyirdi ki, müəllimə verdiyi söz yadına düşdü. Gözlərini yumub ağır-ağır nəfəs ala-ala yavaşca saymağa başladı:
- Bir, iki, üç, dörd...
Birdən arxadan səs gəldi:
- Bağışlayın, sizin burada olduğunuzu hiss etmədim.
Nahid geri çevrilib həmin adama baxdı. Bu, əlindəki əsa ilə ətrafını yoxlayan bir kişi idi. Gözləri zəif görürdü...
Nahidin iradəsi qalib gəlmişdi!..