Bilirdim ki, xallı bəbirin qorxusu onu titrədir. Birdən bir şaqqıltı qopdu. Qayanın arasında duran xallı bəbir ox kimi süzüb marala tərəf atıldı. Tüfəngin nə vaxt açılmasından xəbərim olmadı. Onu gördüm ki, xallı bəbir qorxunc bir nərilti ilə yerə sərilib, maralın ayaqları altında qıvrılır. Ana maralı düz balalarının yanına qədər ötürüb geri döndüm. Bundan sonra acından ölsəm də, ovçuluq eləmərəm, nahaq qan tökmərəm.
Fatimə ərinə təsəlli verdi:
-Ay kişi, sən ki ən böyük xeyirxahlıq eləmisən, daha niyə qəm dəryasına batırsan?
- Bəs indiyə kimi?..
Aradan bir az keçəndən sonra Nurəli kişi fikirdən xəstəliyə düşdü. Nə qədər dava-dərman elədilər, xeyri olmadı. Qoca günü-gündən əriyirdi. Bir gün oğlu Bəhruz bir loğman tapıb gətirdi. Həkim qoca ovçuya baxan kimi dərdindən hali oldu. Bəhruza dedi:
- Ay bala, bilmirəm necə deyim, xəstənin davası əlacsız yerdədir. O, bir kasa maral qatığı içsə, anadangəlmə olar.
- Həkim, axı maralın südünü tapmaq müşkül məsələdir...
Həkim hamını ümidsiz vəziyyətdə qoyub çıxıb getdi. Ana-bala xəstənin yanından çəkilmirdilər. Gecənin bir vaxtı qoca yuxudan oyanıb dedi:
- Arvad, qab götür, eşiyə çıx, maral mənə süd gətirib.
Fatimə elə bildi, ərinin son nəfəsidir, sayıqlayır. Ancaq özünü o yerə qoymadı, mis sərnici götürüb bayıra çıxdı. Təəccübündən yerində dondu. Qumral gözlü bir maral astanada dayanıb ona baxırdı. Onun yelinindən süd axırdı. Fatimə tez sərnici bulaq kimi qaynayan südün altına tutdu. Sərnic ağappaq köpüklü südlə doldu.