Kənddə məşhur ovçu kimi tanınan Nurəli kişi çox kədərli halda meşədən evlərinə qayıtdı. Əliboş geri dönən ovçunun halı pərişan idi, qəm dəryasına qərq olmuşdu. Arvadı Fatimə, oğlu Bəhruz onu qarşılamağa çıxdılar. Nurəli kişi onlara məhəl qoymadan ağır addımlarla evin arxasına keçdi. Tüfəngi çiynindən aşırdı. Arvadının və oğlunun gözləri qarşısında neçə il yoldaşlıq etdiyi tüfəngin lüləsindən tutub onu daşa çaxdı.
- Daha günaha batmaq istəmirəm!... Oğlum, Bəhruz, indi növbə sənindir. Bundan sonra sənin qazancını yeməli olacağıq. Mən isə bir də əlimə tüfəng almaram. Sən isə, a bala, çörəyi tüfəngdən yox, torpaqdan çıxarmalısan. Təkcə torpaq onu öldürənlərdən razı qalır.
Bəhruz atasının dərdinə şərik olmaq istədi:
-Atacan, sənin qərarın səbəbsiz deyil. De görək, nə baş verib?
Ata dərindən nəfəs alıb başına gələn əhvalatı danışmağa başladı:
- Qırx ildir, ovçuluq eləyirəm. Qırx ildir, marala, ceyrana, turaca, kəkliyə - meşənin sərvətinə, dövlətinə güllə atıram. Bu qırx ildə bir dəfə də olsun meşə mənim xətrimə dəyməyib. Məni əliboş qaytarmayıb. Bu gün isə...
Bu gün bir xallı bəbir ana maralı qova-qova mənə tuş etdi. Bəbirə güllə atdım, aralandı. Onun ovuna özüm yiyələndim. Maral qaçdı, mən atdım, nişangahdan yayındı. Yalnız bir səmtə can atırdı. Hiss edirdim ki, balaları var. Özünü onlara çatdırmaq istəyir. İkimiz də üzülüb əldən düşmüşdük. Nə o qaçıb canını qurtara bilirdi, nə mən əl çəkirdim. Axırda yazığı qovub çıxılmaz bir qayalığa saldım. Yaxına gəlib tüfəngi gözümün tuşuna qaldırdım. Niyyətimi başa düşən maral yanıqlı bir mələrti ilə yalvardı. Bu mələrtidən dünya gözlərimdə zülmətə döndü. Gözümü nişangahdan ayırdım.
İllərin qəflət yuxusundan ayıldım. Tüfəngi çiynimə keçirib marala yol göstərdim. Yazıq heyvan məni anladı. Amma gözlərindəki təlaş getmirdi.