Ailəmiz babamın ad gününə hazırlaşırdı. Mən bu günü səbirsizliklə gözləyirdim. Babamı çox sevirəm. O mənim təkcə babam deyil, həm də ən yaxın dostumdur. Uşaqlıqdan vaxtımın çoxunu onunla keçirməyə adət etmişəm. Babam gülərüz, xoşxasiyyət adamdır. Elə şirin söhbətləri var ki! Eşitdiyi, şahidi olduğu əhvalatları elə maraqla danışır ki, dinlədikcə dinləmək istəyirsən.
Babam Xocalını tərk edəndən bəri bizimlə yaşayır. Bu müddət ərzində bir dəfə də olsun ad gününü qeyd etməyə razı olmayıb. Deyirdi ki, ad günü keçirmək ona yaraşmaz. Bu dəfə yubileyi - 70 yaşı olduğu üçün atam və anam qərara gəldilər ki, babama sürpriz etsinlər. Onun xəbəri olmadan hazırlıq görməyə başladılar. Mən də babama onun zövqünə uyğun hədiyyə hazırlamaq istəyirdim. Özü də elə bir şey ki, onu bütün başqa hədiyyələrdən çox sevindirsin. Amma nə? Bir qərara gələ bilmirdim. Köməyimə babam özü gəldi.
Bir axşam babam yenə vaxtilə yaşadığı el-obadan, dost-tanışlarından, danışmağa başladı. Danışdıqca da gözü yol çəkir, səsi titrəyirdi. Babam Xocalıda həkim işləyib, yüzlərlə insana şəfa verib, neçə insanın həyatını xilas edib. İndi təqaüddədir. İşi üçün, Xocalı üçün çox darıxır.
Babam danışır, mən isə hələ də hədiyyə haqqında düşünürdüm. Birdən babama xoş gələcək ən yaxşı hədiyyənin nə olduğunu anladım. Neçə il öncə, hələ Xocalı soyqırımından əvvəl babamgilə getməyimiz yadıma düşdü. Onun evi dağın ətəyində yerləşirdi. Evin eyvanından baxanda qoynunda yaşıl meşəlik olan uca dağlar görünürdü. Mən bu gözəl, qeyri-adi mənzərəyə baxmaqdan doymurdum. Bir gün yenə mən dağları seyr edərkən babam əlində rəsm albomu və rəngli boya mənə yaxınlaşdı.