Teymurun 40000 nəfərlik qoşunu Əlincə qalasına hücum edir. Bu zaman qala müdafiəçilərinin bir dəstəsi Əmir Altunun başçılığı ilə qaladan çıxmışdı. Geri qayıdanda onlar qala qapıları qarşısında teymurilərlə qarşılaşır və döyüşə girirlər. Böyük çətinliklə düşmən səddini yaran Əmir Altunun dəstəsi qalaya girərək qapıları bağlayır və qalanın müdafiəsini təşkil edir.
Əmir Teymur qalanı almaq üçün çox çalışıb-vuruşmuş, lakin istədiyinə nail ola bilməmişdi. O əmr etmişdi ki, qala mühasirədə saxlansın. Bütün bunlara baxmayaraq, qala sakinləri tez-tez gizli yollarla qaladan çıxır, qida və su gətirirmişlər. Qaladan çıxan yollardan biri düz Əlincəçaya aparırmış və qızmar yay günlərində belə qala susuz qalmazmış.
Düşmən qoşunu ehtimal edir ki, qala müdafiəçiləri gec-tez aclıqdan məğlub olacaqlar, lakin bu baş vermir. Hətta günlərin birində düşməni təəccübləndirən bir hadisə də baş verir. Qala sakinləri qayalardan ağ əhəngə oxşayan daşları yonaraq unabənzər ovuntu hazırlayırlar. Düşməni qıcıqlandırmaq üçün həmin ağ rəngli ovuntunu qala divarlarından bayıra səpələyirlər. Bununla da onlar un ehtiyatının bol olduğunu və hələ uzun müddətə bəs edəcəyini nümayiş etdirirlər. Bunu görən düşmən ordusunun başçısı Əmir Teymura məktub yazır ki, qalada qida bitib-tükənmir, Əlincə qalasının mühasirəsi mənasızdır. O, hökmdardan xahiş edir ki, qalanın alınmasından vaz keçsin. Lakin heç bir zaman məğlubiyyətə uğramayan Teymur bunu qəbul etmir. Nəhayət, 1399-cu ildən başlayan uzunmüddətli mühasirə qala müdafiəçiləri arasında münaqişəyə səbəb olur. Birlik olmayan yerdə isə alınmaz qala da zəifləyir. Beləliklə, teymurilərin növbəti həmləsindən sonra qala məğlub olur.