Əslində, Nahidi nadinc adlandırmaq olmazdı. Əksinə, azdanışan, düşüncəli, çalışqan, nəzakətli bir yeniyetmə idi. Amma gözlənilmədən özündən çıxan vaxtları da az olmurdu. Bir də görürdün, heç nəyə görə hirslənib kiməsə qarşı kobudluq etdi. Onun bu çılğınlığının, xasiyyətindəki ziddiyyətin səbəbini nə yoldaşları, nə də müəllimləri anlaya bilirdilər. Bax elə dünən də sinif yoldaşları ilə dalaşmış, Salehin qolunu burub incitmişdi. Nahidin davranışına çoxdan göz qoyan sinif rəhbəri ertəsi gün onu yanına çağırıb dedi:
- Nahid, dünənki hadisə haqqında səninlə danışmaq istəyirəm. Dalaşıb Salehin qolunu zədələmisən. Özün bilirsən ki, Saleh həmin qolundan əməliyyat olunub. Bu hərəkətinlə onu şikəst edə bilərdin. Aranızdakı münasibətdə kimin haqlı olduğu barədə hökm vermək niyyətim yoxdur, ancaq səndən bir şey xahiş edəcəyəm. Bu gecə üzünü səmaya tut, Ayı və ulduzları seyr elə. Sonra səhər erkən durub Günəşin doğmasına və Yer üzünə işıq saçmasına bax. Amma dediklərimi mütləq et, yaxşımı?!
Nahid razılıq versə də, bir şey başa düşmədi. Axı onun dalaşmağı ilə aylı-ulduzlu səma və Günəş arasında nə əlaqə var? Salehin qolu, ulduzlar, Günəş ... Çox mənasız idi. Amma Nahid sözünün üstündə duran oğlan idi. Müəllimin dediyi kimi, gecə səmadakı ulduzları seyr etdi. Yanıb-sönən ulduzlara baxdıqca xəyallara daldı, uçan ulduzları görəndə həyəcanlandı. Ayın parlaqlığına valeh oldu. Sanki yuxarıda - səmada gördüyü gözəlliklər, möhtəşəmlik və əbədiyyət ona Yerdəki cılızlıqları, mənasız əsəbilikləri unutdurmuşdu. Nahid səhər tezdən durub Günəşin öz şüalarını Yer üzünə hədiyyə etməsini birinci dəfə görürmüş kimi heyranlıqla izlədi.
Ertəsi gün tənəffüsdə Kərim müəllim pəncərənin qarşısında dayanmış Nahidin fikrə daldığını görüb ona yaxınlaşdı və soruşdu:
- Nahid, dediklərimi etdinmi? Göy üzündə nələr gördün, danış görək!
- Sayını bilmədiyim qədər ulduz, parlaq Ay və Günəşin doğması... Səmanın bu qədər gözəl olduğunu indiyə qədər hiss etməmişdim.
- Ulduzların, Günəşin milyon illər işıq saçdığını düşündünmü? Bəs uçaraq qaranlıq səmada yox olan ulduzları necə, seyr etdinmi?