Əlincə qalası xalqımızın qürur duyduğu tarixi abidələrdən biridir. Bu qala Naxçıvan Muxtar Respublikasının Culfa rayonu yaxınlığında, Əlincəçayın sağ sahilində yerləşmişdir. Geniş düzənliyin ortasında yüksələn sıldırım qaya üzərində qərar tutmu bu qalaya üç yandan dar cığırla qalxmaq olarmış. Qalanın yüksəklikdə yerləşməsi onun müdafiə məqsədilə tikilməsindən xəbər verir. Təəssüf ki, qaladan günümüzə yalnız dağıntılar qalmışdır.
XIV əsrin sonlarında Əlincə qalasını öz gözləri ilə görmüş bir ispan diplomatı qalanı belə təsvir etmişdir: "Əlincə qalası yüksək və sıldırım bir dağ üzərində qərar tutaraq divar və bürclərlə əhatə olunmuşdur. Divarların daxilində, dağ yamaclarının aşağı tərəflərində üzümlüklər, bağlar, zəmilər, otlaqlar, bulaqlar və hovuzlar vardır. Qəsr özü isə dağın zirvəsində yerləşir".
“Əlincə” adının qədim türk dilindəki “alan” (düzənlik, meydan) sözündən yarandığı ehtimal edilir. Lakin “dağın təpəsi” anlamını verən “alın” və “qənimət” mənasında işlənən “alınc” sözləri də olmuşdur. Beləliklə, “Əlincə” adının etimologiyası barədə dəqiq fikir söyləmək çətindir.
Tədqiqatçıların fikrincə, Əlincə qalasının yaşı 2000 ildən çoxdur. Xalqımızın qədim eposu olan "Kitabi-Dədə Qorqud"da bu qalanın adı çəkilir.
XII əsrdə, Azərbaycanda Eldənizlərin hakimiyyəti dövründə Əlincə qalasının əhəmiyyəti xüsusilə artmış, bu qala hökmdar ailəsinin təhlükəsizliyini təmin etmək üçün sığınacaq yerinə çevrilmişdi. O zamanlar Eldənizlərin xəzinəsi Əlincə qalasında yerləşirdi.
Əlincə qalası tarixinin bizə məlum olan ən şanlı səhifələri XIV əsrin sonuna təsadüf edir. Bu dövrdə bütün Şərq dünyasını lərzəyə salan Əmir Teymur bir-birinin ardınca şəhərləri, qalaları alsa da, Əlincə qalasını uzun müddət fəth edə bilməmişdi.
Teymurun ordusu dörd dəfə Əlincə qalasını tutmağa cəhd edir. Qala uğrunda gedən ən qanlı döyüşlərdən biri 1393-cü ildə baş verir.