Bakının mərkəzində, Murtuza Muxtarov və Əhməd Cavad küçələrinin kəsişməsində bir bina var. Bakılılar arasında “Səadət sarayı” kimi tanınan bu binanın yaranma tarixçəsinin əsasında da elə məhəbbət əhvalatı durur.
Məşhur milyonçu Murtuza Muxtarov həyat yoldaşı Liza xanımı çox sevirmiş, onu tez-tez özü ilə Avropaya səyahətə aparırmış. Bir dəfə onlar Venesiyada gəzərkən olduqca yaraşıqlı və əzəmətli bir bina görürlər.
“Biz necə də gözəl bir yerə gəldik. Mən buraları çox bəyəndim. Belə binada yaşayanlar necə də xoşbəxtdirlər!” - deyə Liza heyranlığını əri ilə I bölüşür. Bu mənzərəni sakitcə seyr edən Murtuza heç nə demir.
Bakıya qayıtdıqdan sonra milyonçu Venesiyaya adam göndərib həmin binanın layihəsini əks etdirən çertyojları gətirdir. 1912-ci ildə binanın tikintisi başa çatır.
Bir gün Murtuza Muxtarov gəzinti adı ilə Liza xanımı faytona mindirib binanın qarşısına gətirir. Heyrətindən nə deyəcəyini bilməyən qadın bu binanın ona bağışlandığını eşidəndə çox sevinir.
Hər sütunu, pəncərə və qapıları təkrarolunmaz sənət əsəri olan bu saray artıq bir əsrdir ki, bakılıları və paytaxtın qonaqlarını valeh etməkdədir.