Ölümlə üz-üzə olsa da, o, gözəl natiqliyi sayəsində Nadir şahı inandıra bilir ki, Məlik Nəcəf ona iftira atır və şahı aldadır. O deyir: “Məliyin Şəkidə yığdığı vergilərin heç də hamısı şahın xəzinəsinə getmir. O, şahdan aldığı tapşırıqlara öz istəklərini də qatıb Şəki camaatına zülm edir”. Nadir şah boynu kəndirdə olan Qələbiyə inanaraq onu bağışlayır və yenidən səlahiyyətlər verir. Öz əyanlarına acıqlanaraq deyir: “Hamınız Nəcəfin saxtakarlığını bilə-bilə səsinizi çıxara bilmədiyiniz halda, boynu kəndirdə olan Qələbi məndən qorxmadı, öz xalqının rəyini mənə bildirdi. Səbir edin, bu Qələbinin adını biz hələ çox eşidəcəyik”.
Nadir şah zənnində yanılmırdı. 1743-cü ildə Hacı Qələbi ərtafındakı sadiq adamlarla birlikdə Nadir şahın canişini Məlik Nəcəfə hücum çəkərək onu öldürür. Beləliklə, Hacı Qələbi şəkililərin Nadir şahın hakimiyyətini qəbul etmədiklərini göstərir və ondan çəkinmədən Şəkinin müstəqilliyini elan edir. Bundan bərk qəzəblənən Nadir şah 1744-cü ildə Şəkiyə qoşunlarını yeridir. Lakin Qələbi xan daha ağıllı tərpənərək Şəki camaatını qalaya toplayır və oradan mübarizəyə başlayır. Bu dəfə qalanı almağa müvəffəq olmayan Nadir şah bir də 1745-ci ilin əvvəlində buraya hücum edir, lakin yenə də qalanı almaq ona qismət olmur. Şəkililər şaha qarşı böyük qəhrəmanlıqla vuruşur, hətta qaladan çıxaraq dəfələrlə şah ordusuna zərbələr endirirlər.
Rəvayət edirlər ki, gecələrin birində Nadir şah öz adamları ilə qalaya yaxın gələrək bərkdən qəzəblə səslənir: “Bu necə qaladır ki, onu almaq olmur? Məgər bu qalanı almağa bizim gücümüz çatmayacaq?” Bu zaman qaladan səs gəlir: “Gələrsən, görərsən!”