Şəki şəhərinin yuxarı hissəsində, Kiş kəndinin qarşı tərəfindəki Qaratəpə dağının üzərində Gələrsən-görərsən adlı bir qala yerləşir. Qala barəsində müxtəlif rəvayətlər, əfsanələr var. Tarixi mənbələrə görə, bu qala 1551-ci ildə Səfəvi hökmdarı Şah Təhmasibin hücumlarından qorunmaq məqsədilə tikilmiş müdafiə qalasıdır. Qalanı Təhmasibə qarşı üsyana başçılıq etmiş Dərviş Məhəmməd xan tikdirmişdir. Lakin o zamanlar bu qala, bir çox başqa qalalar kimi, “Qız qalası” adlanıb. Bu da onun alınmazlığına işarə idi.
Qalanın inşasından 200 il sonra onu "Gələrsən-görərsən” adlandırmağa başladılar. Bu adı isə Nadir şahın Şəkiyə hücumu ilə əlaqələndirirlər.
Nadir şah Əfşar 1736-cı ildə hakimiyyətə gəldikdən sonra tabeliyində olan bölgələrə, eləcə də Şəkiyə sərt vergilər tətbiq edirdi. Bu vilayəti idarə etmək üçün Nadir şah Məlik Nəcəf adlı bir şəxsi oraya vali təyin etmişdi. Bu şəxs Şəki camaatını çox incitdiyindən şəkililər Nadir şaha şikayət edirlər. Xalqın qiyama qalxdığını görən Nadir şah camaata təklif edir ki, Məlik Nəcəfin fəaliyyətinə nəzarət etmək üçün bir səlahiyyətli şəxs seçsinlər. Beləliklə, 1741-ci ilin sonunda Şəki camaatı bu bölgədə varlı və nüfuzlu bir şəxs kimi tanınmış Hacı Qələbini nümayəndə seçir.
Çox keçmir ki, Hacı Qələbi hətta Məlik Nəcəfin səlahiyyətində olan vəzifələri də öz əlinə alır. Hadisələrin belə döndüyünü görən Məlik Nəcəf Nadir şahın yanına gəlib Qələbidən şikayət edir: “Qələbi sənin tapşırıqlarını yerinə yetirməyimə imkan vermir. Nə özü mənə qulaq asır, nə də camaatın tabe olmasına imkan verir. Onları sənə qarşı qaldırır”.
Şəki kimi zəngin bir mahalı əldən vermək istəməyən Nadir şah Hacı Qələbini öz düşərgəsinə çağırtdırır. Qələbi gələn kimi onu dar ağacından asmaq əmri verir. Lakin boynuna kəndir keçirilmiş Hacı Qələbi öz cəsarəti ilə Nadir şahı heyrətləndirir.