1910-cu ilin sonlarında Bakıya Rusiyadan məşhur bir opera müğənnisi qastrola gəlir. Müğənninin şərəfinə verilən ziyafətlərdən birində Bakı milyonçusu Mayılov sənətçi qadından bir də bu şəhərə nə vaxt gələcəyini soruşur. Aktrisa: “Heç vaxt gəlməyəcəyəm!” - deyə cavab verir. Milyonçu bu cavabın səbəbi ilə maraqlandıqda müğənni qadın deyir: “Belə böyük şəhərdə oxumağa opera binası yoxdursa, gəlməyimin nə mənası var?” Bu sözlər bakılı milyonçuya bərk təsir edir və elə oradaca qadına söz verir ki, cəmi bir il ərzində opera teatrı üçün gözəl bina tikdirəcək.
Gələcək teatr binası üçün Qubernski-Torqovı (indiki Nizami) küçəsində yer alınır və tikinti başlayır. Bu cür təşəbbüsləri həmişə alqışlayan Hacı Zeynalabdin Tağıyev bildirir ki, belə bir binanı bir ilə tikmək qeyrimümkündür. Mərc gəlirlər ki, əgər opera binası vaxtında hazır olsa, onun bütün xərclərini Hacı çəkəcək.
Beləliklə, 1910-11 -ci illərdə, cəmi on ay ərzində memar N.Q.Bayevin layihələşdirdiyi teatr binası hazır olur. Tikintinin xərcini Tağıyev ödəsə də, Mayılov teatrı kimi tanınır. Son ralar teatra M.F.Axundovun adı verilir.
Ölkəmizin ən böyük musiqili teatrı olan Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı 1920-ci ildən indiyədək bu yaraşıqlı binada fəaliyyət göstərir.