Artıq 200 ilə yaxındır ki, Xudafərin körpüsü Cənubi və Şimali Azərbaycanı birləşdirən rəmzi abidə kimi anılır. Həqiqətən də, Şimali Azərbaycan Rusiyanın tərkibinə qatıldıqdan sonra ikiyə ayrılan torpağımızı birləşdirən yeganə ad “Xudafərin” idi. Lakin sovet imperiyası dövründə körpü ilə Arazın o tayına keçmək yasaq idi, çünki bu çay iki dövlətin: İran və SSRl-nin sərhədində yerləşirdi.
1989-cu il dekabrın 31-də Araz çayının o tay-bu tayında yaşayan azərbaycanlıları ayıran sərhəd dirəkləri vətəndaşlarımız tərəfindən dağıdıldı. Sonralar ulu öndər Heydər Əliyev 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd edilməsi haqqında fərman imzaladı.
Araz çayı üzərində “Xudafərin körpüsü" adı ilə iki körpü mövcuddur. Onların hər ikisi Cəbrayıl rayonu ərazisindədir. "Baş Xudafərin körpüsü" adlanan 11 aşırımlı körpünün uzunluğu 130, eni 6 metrdir. İkinci körpü isə 15 aşırımlıdır. Onun uzunluğu 200, eni 4,5 metrdir. Hər iki körpünün dayaqları çayın ortasında olan təbii sal daşlar üzərində qurulmuşdur.
Körpülərin tarixi barəsində bir-birinə zidd fikirlər var. Baş Xudafərin körpüsünün daha qədim olduğu ehtimal edilir. Alimlərin fikrincə, bu körpü Əhəmənilər dövründə ağacdan tikilmiş, sonralar Eldənizlər dövləti zamanında daş və kərpiclə üzlənmişdir. Güman edilir ki, körpü 736-cı ildə Bəkir ibn Abdulla adlı bir şəxs tərəfindən inşa edilmişdir.
Qəzvini öz əsərlərində körpünün adını "Xuda-Afərin" kimi yazır ki, bu da farsca "Allah tərəfindən yaradılmış" mənasını verir.