XX əsrin əvvəllərində Bakıda neft milyonçularının sifarişi ilə bir çox gözəl binalar ucaldılmışdı. Onların arasında Ismailiyyə binası yüksək memarlıq baxımından özünəməxsus yer tutur. Binanı 1908-1913-cü illərdə məşhur Azərbaycan milyonçusu Musa Nağıyev tikdirmişdir.
Ağa Musanın oğlu İsmayıl ağır xəstəliyə tutulmuşdu. Onu müayinə edən həkim Musa Nağıyevə təklif etmişdi ki, İsmayılı İsveçrəyə aparıb müalicə etdirsin. Amma bunun üçün 50 min manata qədər pul lazım idi. Nağıyev bu qədər pulu verməkdən imtina edir. İsmayılın səhhəti günügündən pisləşir. Bir müddət sonra o, gənc yaşında dünyasını dəyişir.
Özünü oğlunun ölümündə günahkar sayan milyonçu ata çox əzab çəkirdi. Nəhayət, bir gün o, Hacı Zeynalabdin Tağıyevdən təklif alır...
Zeynalabdin Tağıyev Bakı milyonçusu Musa Nağıyevdən soruşur:
-Ağa Musa, Allah rəhmət eləsin oğlun Ağa İsmayıla. Onun əziz xatirəsini əbədiləşdirmək istəyirsən?
- Əlbəttə, istəyirəm.
- Odur, mənim açdığım qız məktəbinin alt tərəfi bomboşdur. Orada gözəl bir mülk tikdir, adını qoyaq İsmailiyyə. Heç olmasa, yazıq uşağın adı yaddan çıxmasın. Hə, nə deyirsən, Ağa Musa?
- Nə deyirəm, sən deyən olsun.
Səhəri Ağa Musa başılovlu gəlir Tağıyevin evinə, başlayır giley-güzara:
-Ay Hacı, bu nə işdir, sən mənim başıma gətirdin?! Məni müflis edib küçələrə salmaq istəyirsən?!
-Ay kişi, kəmhövsələ olma. Açıq danış görək, nə olub axı?
-Atam, atam, daha nə olacaq, o bina bir neçə yüz min manata başa gələcək! Məndə o qədər pul haradan?