Vaxtilə Bakı şəhəri yalnız İçərişəhərdən ibarət olmuşdur. Burada təxminən on min adam yaşayırdı.
İçərişəhər Azərbaycanın qədim şəhər memarlığını əks etdirən tarixi abidələr kompleksidir. O hər tərəfdən qala divarları ilə əhatə olunmuşdur. İçərişəhərə daxil olan kimi insan sanki yüz illər əvvələ qayıdır. Dar küçələr, balaca dalanlar, qədim daş evlər labirinti xatırladır.
Ticarət yollarının kəsişməsində yerləşən bu şəhərə bir çox yadellilər göz dikmişdilər. Ona görə də şəhərin müdafiə gücünü artırmaq lazım idi. Bu məqsədlə XII əsrdə bayır tərəfdən ikinci qala divarı tikildi. Bu iki divar arasında 15-20 metr məsafə var idi. Hücum edən düşmən bayır divarlarını keçsə də, şəhərə daxil ola bilmirdi. Əhali daxili divardakı novlar vasitəsilə bayıra neft axıdır və məşəllər atıb neft gölməçələrini yandırırdı. Beləliklə, düşmən iki divar arasında odlu tələyə düşürdü. Bütün bu maneələrdən keçib şəhərə daxil olan düşmən əsgərləri dar küçə və dalanlarda növbəti tələyə düşürdülər. Burada süvarilərin çevik hərəkəti mümkün deyildi. Evlərin damlarından şəhər sakinləri düşmənin başına qaynar qatran tökür, daş yağdırırdılar. Beləliklə, əhali dar gündə yumruq kimi birləşir, öz şəhərini yağılardan qorumaq üçün qeyrət göstərirdi.