Kilsənin qapısı bilərəkdən insan boyundan alçaq düzəldilmişdir ki, içəri daxil olmaq istəyən hər kəs məbədə baş əyərək girsin. Məbədin daxili zalında müxtəlif daşlara rast gəlmək olar. Daşların üzərində o zaman albanların müqəddəs saydıqları tovuz quşunun təsvirini görmək olar. Bundan başqa, günbəz formasında olan tavanda daha bir alban simvolu - dörd tərəfi də bərabər ölçüdə olan xaç gözə çarpır. Xaçın tərəfləri dörd ünsürü - hava, od, su və torpağı simvolizə edirdi. Belə xaçlar məbədi digər xristian kilsələrindən fərqləndirən əsas xüsusiyyətlərdəndir. Bu da onu göstərir ki, yerli əhali təkallahlı dini qəbul etməsinə baxmayaraq, özünə aid xüsusi simvolları da qorumuşdur.
Hazırda Kiş Alban məbədi abidə-muzey kimi fəaliyyət göstərir. Muzeyin həyətində ölkəmizin Böyük Qafqaz ərazisində yerləşən alban məbədlərinin maketlərini görmək və muzey bələdçilərindən onların hər biri barəsində məlumat almaq olar.