Azərbaycanın tarixi-mədəni abidələri bu ölkənin nə qədər qədim və maraqlı tarixə malik olduğunu göstərir. Belə abidələrdən biri də Şəki rayonunun Kiş kəndində yerləşən Kiş Alban məbədidir.
Məlumdur ki, islamdan əvvəl Azərbaycanda yerli əhalinin böyük hissəsi oda sitayiş edir və atəşpərəst sayılırdı. Lakin Azərbaycanın bəzi bölgələrində səmavi din olan xristianlıq da yayılmışdı.
Mənbələrdə göstərilir ki, xristianlıq ölkəmizin ərazisinə müqəddəs Yelisey vasitəsilə gətirilib. Xristianlığın əsasını qoymuş İsa peyğəmbərin ardıcıllarına həvari deyirdilər. Müqəddəs Yelisey də bu həvarilərdən biri idi. O, İsanın din qardaşı Yakovun tapşırığı ilə bizim eranın 50-ci illərində Uti vilayətinin Kiş kəndinə gəlir və burada kilsə tikdirir. Beləliklə, ehtimal olunur ki, eramızın l-ll əsrlərində Kiş Alban məbədi bu bölgədə xristianlığı qəbul edənlər üçün ibadətqah olmuşdur.
Müqayisə üçün demək lazımdır ki, bədxah erməni qonşularımızın ilk xristian məbədləri IV əsrdə Cənubi Qafqazdan kənarda tikilməyə başlamışdır. Lakin onlar Azərbaycan ərazisində mövcud olan alban abidələrini erməni kilsəsi kimi qələmə verməyə çalışmışlar. Görkəmli Azərbaycan dramaturqu və pedaqoqu Rəşid bəy Əfəndiyev yazırdı ki, Nuxa (Şəki) şəhərinə köçmüş ermənilər "kilsəni mənimsəmişlər və divarının üzünə suvaq vurub üstünə dəmir çəkmişlər. Bu minvalla kilsənin zahirini tarixi abidə halından çıxarmışlar". Rəşid bəy bu kilsənin "həvarilər zamanından qalma" olduğunu vurğulamaqla yanaşı, həm də qeyd etmişdir ki, abidənin ətrafında qazıntılar aparılarsa, "gözəl nəticələr verməyi şübhəsizdir". Doğrudan da, sonralar aparılan arxeoloji tədqiqatlar Kiş kilsəsinin qədim azərbaycanlılara - albanlara məxsus olduğunu sübut etdi.
Məbəddə eramızdan öncəki dövrlərə aid qəbirlər tapılmışdır. Qəbirlərdəki insan sümüklərini öyrənən alimlərin qeydlərinə görə, ozamankı insanların boyu iki metr və daha çox olub.