Dərbənd qalası Azərbaycandan şimalda, Qafqaz dağları ilə Xəzər dənizi arasında yerləşir. Tarixi mənbələrdə onun adı müxtəlif cür verilir: “Alban qapıları”, “Hun keçidi”, “Qafqaz qapısı”...
Ulu babalarımızın “Dəmirqapı” adlandırdığı Dərbənd qədimdə Azərbaycan şəhəri olmuşdur. Onun adı “Kitabi-Dədə Qorqud”da, “Koroğlu” dastanında çəkilir. Qədim səyyahların yazdıqlarına görə, Dədə Qorqud Dərbənddə dəfn edilmişdir.
Bu şəhər tarixboyu bir çox fatehlərin arzularını ürəyində, qoşunlarını qapı arxasında qoymuşdur. Dəmirqapı Dərbəndin tarixində ən şanlı səhifələrdən biri Fətəli xan Qubalı və onun vəfalı həyat yoldaşı Tuti Bikənin adı ilə bağlıdır.
Azərbaycanın birləşməsi uğrunda mübarizə aparan Fətəli xan bu mübarizədə qan tökmək istəmirdi. O, kiçik xanlıqlara parçalanmış Azərbaycanı sülh yolu ilə birləşdirməyə, güclü dövlət yaratmağa çalışırdı. Bir çoxları onu dəstəkləyirdilər. Amma Fətəli xana qarşı çıxanlar da az deyildi. Onlardan biri xanın yaxın qohumu - qaynı Əmir Həmzə idi.
Əmir Həmzə Dağıstan hakimləri ilə sazişə girərək böyük bir ordu toplayıb Fətəli xanın üzərinə yeridi. Qoşunlar Xudat yaxınlığındakı çöllükdə qarşılaşdılar. Ağır döyüşdə Fətəli xan məğlubiyyətə uğrayıb geri çəkilməli oldu. Fürsətdən istifadə edən düşmənlər cəld Dərbəndə yol aldılar. Onların əsas məqsədi Dərbəndi ələ keçirmək idi.
Fətəli xan Dərbənddə olmayanda şəhəri Tuti Bikə idarə edirdi. Qala divarlarına yaxınlaşan Əmir Həmzə bacısına xəbər göndərdi ki, Fətəli xan döyüşdə həlak olub. Onun tapşırığı ilə əsgərlər həlak olmuş bir döyüşçünü tabuta qoyub təmtəraqla şəhərə tərəf aparmağa başladılar. Qala divarlarından bu məzhəkəni seyr edən Tuti Bikə xəbərə inanmadı. O, qardaşına belə bir cavab ismarladı: “Sən düz-əməlli yalan da danışa bilmirsən. Fətəli xan sənin düzəltdiyin bu kiçik tabuta sığışa bilməz”. Bunu deyib Tuti Bikə əyninə hərbi paltar geyindi, qalanı döyüşə hazır vəziyyətə gətirdi. Onun cəsurluğu Dərbənd əhalisini ruhlandırdı. Hamı bir nəfər kimi şəhərin müdafiəsinə qalxdı.
Düşmənlər Dərbəndi doqquz ay mühasirədə saxladılar. Lakin Tuti Bikənin başçılığı ilə Dərbənd camaatı bütün çətinliklərə mərdliklə sinə gərdi və Fətəli xan gələnə kimi şəhəri qoruyub saxladı.