Azərbaycanda yalnız dağlıq ərazilərdə deyil, həm də dənizə yaxın yerlərdə tikilmiş qalalar vardır. Belə qalalara misal olaraq XII-XIV əsrlərdə Abşeronun kəndlərində tikilən Mərdəkan qalasını, Nardaran qalasını, Şağan qalasını, XVI əsrə aid Ramana qalasını göstərmək olar. Bu qalalar Xəzər dənizi tərəfdən hücumların qarşısını almaq üçün tikilirdi. Vaxtilə Bakı yaxınlığında Bayıl qalası da mövcud olmuşdur. Lakin dəniz səviyyəsinin qalxması ilə əlaqədar bu qala suyun altında qalmışdır.
Əsrlərboyu bir çox yadelli basqınlarına sinə gərən qalalar tariximizin gözəl yadigarı, qan yaddaşımızdır. Təsadüfi deyil ki, qala mövzusuna şifahi xalq ədəbiyyatımızda tez-tez rast gəlinir. Bir çox folklor nümunələrində qalalar qeyrət, namus, azadlıq, əbədiyyət rəmzi kimi təqdim olunur.