Çıraqqala
VI əsrdə Sasani hökmdarı Qubad şah şimal tayfalarından qorunmaq üçün “Gilgilçay səddi” adlanan sədd tikdirmişdi. Xəzər dənizindən Babadağa qədər məsafəni əhatə edən bu divarlar 60 km uzunluğunda idi. Sədd boyu bir neçə qala tikilmişdi. Onlardan biri də Çıraqqala idi.
Çıraqqala Şabran yonunun 20-25 kilometrliyində Çanaqqaya adlanan sıldırım qayanın zirvəsində yerləşir. Bu qalanın adını izah etmək üçün “Dədə Qorqud” filmini yada salmaq kifayətdir. Filmin sonunda Dədə Qorqud deyir: “Bir tonqal qalayanda elimiz şənliyə toplaşır, iki tonqal qalayanda basqınlardan qorunmağa yığışır, üç tonqal görəndə hamı xış-kotanla işləməyə gəlir”. Beləliklə, Çıraqqala bu ərazidə ən hündür nöqtədə yerləşdiyindən tonqallar da onun üstündə yandırılırdı ki, ətrafda yaşayan hər kəs onu görsün.
Çıraqqala o zamanlar 12 bürcdən ibarət idi, lakin günümüzə onlardan cəmi üçü gəlib çatmışdır.
Pəri qalası
Zaqatala rayonunun Yuxarı Çardaqlar kəndinin yaxınlığında yerləşən Pəri qalası Azərbaycanın qeyri-adi qalalarından biridir. Bu qalanı eramızın IV əsrində qaya daşlarını çaparaq tikmişlər.
Qala elə bir mövqedə yerləşir ki, əraziyə gələn bütün yollar oradan aydın görünür. Düşmən ordusu yaxınlaşanda kənd camaatı elin gəlin və qızlarını bu qalada gizlədərdi. Mülahizələrə görə, qalanın adı da elə bununla bağlı olmuşdur: elin pərilərini - qızlarını qoruyan qala.
Müasir dövrdə də Pəri qalası yerli əhalinin ən çox fəxr etdiyi tarixi abidədir. Əlamətdar hadisələr zamanı kəndin cavanları qalaya qalxaraq onun divarına qırmızı parça bağlayır və ya tonqal qalayırlar.