Tarixən bir çox xalqlar yadellilərin hücumundan qorunmaq üçün yaşadıqları ərazinin ətrafına sədd çəkmişlər. Buna misal olaraq köçəri türklərin hücumlarının qarşısını almaq üçün çəkilmiş 4450 km uzunluğunda Böyük Çin səddini göstərmək olar.
Azərbaycanın müxtəlif bölgələrində də müdafiə məqsədilə tikilmiş sədlərə - istehkam qalalarına və ya onların qalıqlarına rast gəlmək olar. Dağ və qaya zirvələrində yerləşən bu qalalar düşməni uzaqdan görə bilmək və daha yaxşı qorunmaq üçün inşa edilirdi.
Şuşa qalası
Azərbaycanın Şuşa şəhərini əhatə edən qala divarları uzun müddət bu şəhəri yadelli basqınlarından qorumuş, alınmazlıq simvolu olmuşdur.
Şuşa qalasının nə zaman tikildiyi barədə dəqiq məlumat yoxdur. Mənbələrdə bildirilir ki, monqol-tatarların Azərbaycana ikinci yürüşü zamanı (XIV əsr) bu qala dağıdılmışdı.
Şuşa qalası yüksək dağlıq ərazidə yerləşir. Qarabağ xanı Pənahəli xan bu ərazinin hərbi-müdafiə baxımından çox əlverişli olduğunu nəzərə alaraq 1753-cü ildə Şuşa qalasının bərpa edilməsi haqqında qərar verir. Qala bərpa olunduqdan sonra Qarabağ xanlığının mərkəzi buraya köçürülür. Bundan sonra qala uzun müddət mənbələrdə Pənahabad adlandırılır.
Bərpadan sonra Şuşanın müdafiə gücü xeyli artır. 1795-ci ildə Ağa Məhəmməd şah Qacarın Qafqaza yürüşü zamanı qala uzun müddət mühasirədə saxlanılsa da, onu ələ keçirmək mümkün olmur.
Şuşa qalası Azərbaycan memarlığının ən gözəl incilərindən biridir. Qalanın tikilməsində, əsasən, yerli daşlardan və əhəng-yumurta sarısı qatışığından istifadə edilib. Qalanın dairəvi mühafizə bürcləri, üç qapısı və şəhəri xarici aləmlə əlaqələndirən körpüsü var.