Qədim zamanlarda bir varlı kəndxuda var idi. Onun əkin sahələrinin, otlaq yerlərinin ucu-bucağı görünmürdü. O qədər zəngin idi ki, var-dövləti haqqında əfsanələr gəzirdi.
Həmin kənddə bir gənc yaşayırdı. Gənc o qədər yoxsul idi ki, bir dəri, bir sümük qalmışdı. Bir qarın çörək üçün səhərdən axşama kimi kəndxudanın torpağında rəncbərlik edir, qaranlıq düşəndə uçuqsökük komasına gedirdi.
Qızmar yay günlərindən birində bu cavan oğlan taxıl biçirdi. Günəşin istisi onu haldan salmışdı. Axırda dözməyib bir ağacın kölgəsində uzandı. Bir azdan dərin yuxuya getdi. Nə qədər yatdığını bilmirdi, birdən ayağına dəyən təpik onu yuxudan oyatdı. Oğlan başını qaldırıb qarşısında kəndxudanın heybətli cüssəsini gördü. Kəndxuda zəhmli səslə dedi:
- Qalx ayağa! İşçimə bax mənim! Biçinin qızğın vaxtında ayağını uzadıb kef eləyir. Onu yaxşı bil ki,...
Gənc gözünü ovuşdura-ovuşdura ayağa qalxıb dedi:
- Qurbanın olum, ay kəndxuda, bir hovur dincəlmək istəyirdim. Niyə oyatdın məni? Gözəl yuxu görürdüm. Görürdüm ki, böyük evim var. Vardövlətim başımdan aşır. Yuxuda saysız-hesabsız qoyun-quzum, mal-qaram, ucsuz-bucaqsız tarlalarım var idi. Onlarla xidmətçi qulluğumda dururdu... Qoymadın, heç olmasa, yuxuda bir az kef çəkim.
Kəndxuda kinayəli gülüşlə dedi:
- Ay yazıq! Sən belə şeyləri ancaq yuxuda görə bilərsən. Mənə isə bunun üçün yuxu görmək lazım deyil. Bu həyatda hər şeyim var.
Gənc oğlan mənalı bir ifadə ilə kəndxudaya baxıb dedi:
-Ağa, bilirsənmi, əslində, ikimiz də yuxu görürük. Fərqimiz odur ki, mənim yuxum gözlərimi açanda bitir, sənin yuxun isə gözlərini yumanda bitəcək...