Çıxıb getmək istəyir. Çayın hara axdığını bilmək istəyir. Başqa canlılarla tanış olmaq istəyir. Nə qədər çalışdım, onu bu fikirdən daşındırım, amma nə fayda, elə “gedəcəyəm” deyib durur.
- Demək, bizim çay ona darlıq edir. Nə qoçaq balan varmış.
Balaca Qara Balıq dözməyib söhbətə qarışdı:
- Bəli, mən burada qalmaq istəmirəm. Hər gün bu kiçik gölməçədə dolaşmaqdan təngə gəlmişəm. Yeni yerlər görmək, yeni şeylər öyrənmək istəyirəm. Yaşa dolanda hər şeydən xəbərsiz bir qocaya çevrilmək istəmirəm.
Qara Balığın bu sözləri yaşlı qonşunun xoşuna gəlmədi. Ona elə gəldi ki, bu balaca balıq onu təhqir edir. Anasına dedi:
- Heç də elə deyil, - deyə Balaca Qara Balıq qışqırdı, - ilbiz mənim dostumdur.
- Necə?! Sən ilbizlə dostluq edirsən?! - balıqlar təəccübləndilər. - Heç balıq da ilbizlə dostluq edər?
- Burada nə var ki?! Sizcə, balıqlar yalnız balıqlarla dostluq edə bilər? Əgər yadınızdadırsa, mənim bacı-qardaşlarımı ilbizlər yox, böyük balıqlar yeyiblər.
Balaca Qara Balığın bu sözləri bir çox yaşlı balıqları lap hövsələdən çıxardı. Onlar yerbəyerdən qışqırdılar:
- Sən bir buna bax! Bizə ağıl öyrədir! Özündənrazı dikbaş!
Balıqlar qorxunc görkəm alıb Balaca Qara Balığın üzərinə cumdular. Bu zaman Ana Balıq onların qarşısını kəsdi:
- Qoymaram, balama toxunasınız!
Balaca Qara Balığı sevən hər kəs dil töküb onu fikrindən daşındırmaq istəyirdi. Lakin onun qərarı qəti idi. Nə olur-olsun, gedəcəkdi. Bu yerləri tərk edəcəkdi.
Yola çıxmaq vaxtı gəlib çatdı. Balaca Qara Balıq dostları ilə görüşüb vidalaşdı. Anası artıq onu yoldan saxlamaq üçün heç nə söyləmirdi. Sözü qurtarmışdı. Qara Balıq ayrılanda dedi:
- Sizdən ayrıldığım üçün mən də çox üzgünəm. Ümid eləyirəm, nə vaxtsa bu yerlərə dönəcəyəm.
Bunu deyib Balaca Qara Balıq yuxarıya - çayın gur axan yerinə qalxdı və köpüklərin arasında gözdən itdi...