Keçmiş zamanlarda kiçik çaylardan birində balaca bir balıq yaşayırdı. Bu çayda minlərlə başqa balıq da vardı. Amma bizim balıq onlardan fərqli idi. Onun rəngi qara idi. Ona görə də hamı ona Balaca Qara Balıq deyirdi.
O çox ağıllı və dərrakəli idi. Daim sual verir, araşdırır, düşünürdü. Düşünürdü ki, görəsən, bu çay hara axır, həmin yerlərdə həyat necədir, oradakı balıqlar necə olur? Amma heç kim onun bu suallarına cavab verə bilmirdi.
-Anacan, mən artıq eyni yerdə yaşamaqdan, eyni şeyləri görməkdən bezmişəm. Buradan getmək istəyirəm. Bilmək istəyirəm, bu çayın suları hara axır. Gedib yeni yerlər görmək, yeni canlılarla tanış olmaq istəyirəm. Xahiş edirəm, ana, izin ver, çıxım gedim.
Balasını dinləyən Ana Balıq çox təəccübləndi. Dedi:
- Bala, bu kiçik çay bizim taleyimizdir. Sən də zaman keçdikcə bu tale ilə barışacaqsan.
Ana Balıq öz balasını çox dilə tutdu. Lakin nə qədər danışdısa da, Balaca Qara Balıq qərarından dönmədi. Axırda ana soruşdu:
-Yaxşı, bala, de görüm, hara getmək fikrindəsən?
- Çayın axarı ilə getmək istəyirəm. Eşitdiyimə görə, uzaqlarda dəniz deyilən bir yer var. Bizim çay axıb ora tökülür. Orada çoxlu qəribə canlılar var. Deyilənə görə, dənizdə həyat çox maraqlıdır.
Ana ilə bala söhbətdə ikən qonşuluqda yaşayan qoca balıqlardan biri onlara yaxınlaşdı və söhbətə qarışdı: