1949-cu ildə Mərkəzi və Cənub-Şərqi Avropanın sosialist ölkələrinin iqtisadi inkişafını istiqamətləndirən Qarşılıqlı İqtisadi Yardım Şurası (QİYŞ), 1955-ci ildə bu ölkələrin hərbi qüvvələrini birləşdirən Varşava Müqavilə Təşkilatı yaradıldı.
İ.Stalinin ölümü və şəxsiyyətə pərəstişin pislənməsi Mərkəzi və Cənub-Şərqi Avropa ölkələrində siyasi vəziyyətin dəyişməsinə şərait yaratdı. 1956-cı ildə Macarıstanda kütləvi nümayişlər başladı. Macarıstan hökumətinə başçı seçilən İ.Nad ölkəsinin Varşava Müqavilə Təşkilatından çıxdığını elan etdi. Budapeşt şəhərinə soxulan sovet tankları macar xalqının azadlıq hərəkatını qan içində boğdu. İ.Nad dövlətə xəyanətdə ittiham olunaraq edam edildi.
Macar xalqının azadlıq hərəkatının boğulmasında məqsəd nə idi?
XX əsrin 60-cı illərinin sonunda Çexoslovakiyada “Praqa baharı” adını almış hadisələr baş verdi. A.Dubçekin başçılıq etdiyi Çexoslovakiya Kommunist Partiyası ölkənin şəraitinə uyğun sosialist cəmiyyəti modelinə keçmək istədi. Bu hadisəyə SSRİ və bəzi sosialist ölkələrinin rəhbərləri öz kəskin etirazlarını bildirdilər. SSRİ başda olmaqla, Varşava Müqavilə Təşkilatı üzvlərinin qoşunları Çexoslovakiyaya yeridildi. A.Dubçekin yerinə Q.Qusak təyin olundu.
1980-ci illərin sonu – 1990-cı illərin əvvəllərində SSRİ-də yenidənqurma islahatları və dövlətin dağılmağa başlaması Mərkəzi və Cənub-Şərqi Avropa ölkələrində sosialist sisteminin iflası ilə nəticələndi.
SSRİ. SSRİ İkinci Dünya müharibəsindən qalib çıxdı. O, dünyanın ikinci fövqəldövlətinə çevrildi. Eyni zamanda SSRİ müharibədən böyük zərər çəkdi. O, 27 milyondan çox adam itirdi. Qarşıda vurulan yaraları sağaltmaq, təsərrüfatı dinc quruculuq xəttinə keçirmək və inkişaf etdirmək vəzifəsi dururdu.
1947-ci ilin dekabrında pul islahatı keçirildi. Məhsulun bölgüsündə talon sistemi ləğv olundu. 1950-ci ilin əvvəli üçün sənaye müəssisələri bərpa edildi və kənd təsərrüfatı məhsullarının istehsalı müharibədən əvvəlki səviyyəyə çatdırıldı.