19. Mərkəzi və Cənub-Şərqi Avropa ölkələri. SSRİ
İkinci Dünya müharibəsinin son aylarında Mərkəzi və Cənub-Şərqi Avropa ölkələrində sosial qrupların əksəriyyətini özündə birləşdirən xalq cəbhələri yarandı. 1944–1946-cı illər bu ölkələrin tarixinə “xalq demokratiyası” mərhələsi kimi daxil olmuşdur. Bu dövrdə SSRİ “xilaskar dövlət” kimi nüfuz qazanmışdı.
Mərkəzi və Şərqi Avropa ölkələri. SSRİ hərbi hissələrinin regionda olması, “Marşal planı”ndan imtina etməsi sovet rejiminin yayılmasına təsir göstərdi. Bu, Mərkəzi və Cənub-Şərqi Avropa ölkələrində çoxpartiyalılığın ləğv olunmasına və Kommunist Partiyasının şəriksiz hakimiyyətinin yaranmasına şərait yaratdı.
SSRİ-nin “Marşal planı”ndan imtina etməsində məqsədi nə idi?
Kommunist Partiyası sosializm qurmaq xəttini irəli sürdü. Bazar iqtisadiyyatı planlı iqtisadiyyatla əvəz olunmağa başladı. Həmin ölkələrdə totalitar sosializm cəmiyyəti təşəkkül tapdı. Xüsusi mülkiyyət ləğv olundu, sahibkarlıq və fərdi kəndli təsərrüfatı aradan qalxdı. “Xalq demokratiyası” ölkələrindən sovet amirliyinə qarşı çıxan ilk dövlət Yuqoslaviya oldu.