“Vyetnam müharibəsi bir çox amerikalını oyandıran mühüm sınaq oldu. 1812-ci ildən bu yana ilk dəfə olaraq bir rəqib ABŞ-ı məğlub etmişdi. ABŞ bu müharibəyə yetərsiz tədbirlərlə başlamışdı. Hərbi və siyasi dairələrə rəhbərlik edən şəxslər düşməni strateji cəhətdən dəyərləndirməmiş, müharibənin siyasi və hərbi xərclərini də nəzərə almamışdılar. …Sonda ABŞ özünü qorumağı bacardı; amma müharibənin amerikan dəyərlərinə və etibarına vurduğu zərbə dağıdıcı oldu”.
Cambridge Savaş Tarihi, s. 422.
Növbəti seçkilərdə qələbə çalan Lindon Conson vətəndaş haqları, yoxsulluqla mübarizə sahəsində islahatları nəzərdə tutan “Böyük cəmiyyət” proqramını elan etdi. Lakin Vyetnamda genişlənən müharibə proqramın yarımçıq qalmasına səbəb oldu. 1968-ci ildə Riçard Niksonun prezident seçilməsi ilə ABŞ-ın tarixində respublikaçılar dövrü başladı. Vyetnam müharibəsi dayandırıldı. R.Niksonun prezidentliyi dövründə “Uotergeyt əhvalatı” baş verdi. Seçkilər zamanı bir qrup şəxs Vaşinqtonda “Uotergeyt” hotelində demokratlara qarşı xəlvəti dinləmə qurğusu qoyarkən yaxalandı. R.Nikson istefa vermək məcburiyyətində qaldı. Bu, Respublikaçılar Partiyasının nüfuzuna ciddi zərbə vurdu.
Nə üçün “Uotergeyt əhvalatı” Respublikaçılar Partiyasının nüfuzuna ciddi zərbə vurdu?
1980-ci il prezident seçkilərində respublikaçı Ronald Reyqan qələbə qazandı. O, “Mühafizəkar inqilab” adlandırılan xətt irəli sürdü. Bu proqram “Reyqanomika” adını aldı. “Reyqanomika” proqramının həyata keçirilməsi sayəsində iqtisadi böhran dayandırıldı, inflyasiya və işsizlik aşağı salındı, iqtisadiyyatın inkişafı sürətləndi. Bütün bunlar R.Reyqanın növbəti dəfə prezident seçilməsini təmin etdi. O, ABŞ-ın hərbi mövqeyini gücləndirmək siyasəti yeridirdi. Reyqan hökuməti ABŞ-ın strateji silahları yeniləmək və “Ulduzlar müharibəsi”* proqramını irəli sürdü.
Reyqan SSRİ ilə qarşıdurmanı yumşaltmaq sahəsində də ciddi addımlar atdı. 1985–1988-ci illərdə SSRİ rəhbərliyi ilə silsilə görüşlər nəticəsində orta və yaxınmənzilli raketlərin ləğvi haqqında müqavilə qüvvəyə mindi.
Növbəti prezident seçkilərində qalib gəlmiş Corc Buş Reyqanın xəttini davam etdirdi. Onun prezidentliyi dövrü dünya miqyasında böyük hadisə olan “Soyuq müharibə” yə** son qoyulması ilə nəticələndi. Bunun əsas səbəbi SSRİ-nin dağılması idi.
“Soyuq müharibə” anlayışını izah edin. Sizcə, Corc Buşun dövründə “soyuq müharibə”yə nə üçün son qoyuldu?
* “Ulduzlar müharibəsi” – strateji silahların kosmosda yerləşdirilməsini nəzərdə tutan proqram
** “Soyuq müharibə” – İkinci Dünya müharibəsindən sonra sosializm və kapitalizm sistemləri arasında gedən ideoloji-siyasi mübarizə