İkinci Dünya müharibəsindən sonra İtaliyadakı siyasi dəyişiklik ləri aydınlaşdırın.
1992-ci ildə İtaliyada “təmiz əllər” adını almış irimiqyaslı kampaniya hakimiyyətin yuxarı təbəqələrində və siyasi partiyalarda kütləvi korrupsiya faktlarını aşkarladı. Növbəti parlament seçkilərində demokratik sol qüvvələr qalib gəldi.
ABŞ. ABŞ İkinci Dünya müharibəsindən hərbi, siyasi və iqtisadi cəhətdən ən güclü ölkə kimi çıxdı. O, yeni bazarlara yiyələnmək, kapital ixracını artırmaq, “dollar imperiyası” yaratmaq üçün əlverişli şərait əldə etdi.
1945-ci ildə F.D.Ruzvelt vəfat etdikdən sonra prezident vəzifəsini vitse-prezident Harri Trumen icra etməyə başladı. O, iqtisadi və sosial sahələrdə F.Ruzveltin “Yeni xətt” siyasətini davam etdirdi. Müharibədən sonra sosial və əmək münasibətlərinin kəskinləşməsi öz ifadəsini konqresin qəbul etdiyi “Taft-Xartli” qanununda tapdı. Bu qanun həmkarlar ittifaqlarının fəaliyyətini və əmək münasibətlərini tənzimləyirdi.
“Taft-Xartli” qanununun qəbul edilməsinin səbəbi nə idi?
Müharibədən sonra ABŞ xarici siyasətdə “zor işlətməmək”, “müharibə həddində müvazinət”, “total qarşıdurma” doktrinalarını irəli sürdü. “Trumen doktrinası” və “Marşal planı” təklif olundu. “Trumen doktrinası” Yunanıstan və Türkiyədə sovet təsirinin güclənməsi əleyhinə çevrilmişdi. “Marşal planı” isə Avropadakı müttəfiqlərinə müharibə dövründə dağılmış iqtisadiyyatın bərpa olunmasına kömək üçün nəzərdə tutulmuşdu. ABŞ dünyanı “amerikasayağı” idarə etmək üçün geniş proqram həyata keçirirdi. Prezident yanında Milli Təhlükəsizlik Şurası və Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) fəaliyyətə başlamışdı.
Keçən əsrin 50-ci illərində prezident Duayt Eyzenhauer iqtisadi və sosial sahədə uğurlu addımlar atdı. Növbəti prezident seçkilərində demokratların nümayəndəsi C.F.Kennedi qalib gəldi. O, “yeni üfüqlər” adlanan islahat proqramı irəli sürdü. Con Kennedinin siyasi xətti mühafizəkarların və irqçilərin müqavimətinə səbəb oldu. O, 1963-cü ilin noyabrında Texas ştatının Dallas şəhərində öldürüldü. Bu hadisə tarixə “Əsrin cinayəti” kimi daxil oldu.
Tarixdə “Əsrin cinayəti” adı almış hadisəni təhlil edin. Nə üçün bu hadisə belə adlanır?