Xarici siyasətdə AFR-in ABŞ-a meyilliliyi onun beynəlxalq aləmdə mövqeyini möhkəmləndirdi. AFR NATO-ya və Avropa İqtisadi Birliyinə daxil oldu. Almaniya ilə Fransa arasında tarixi düşmənçilik sona çatdı.
1969-cu ildə Villi Brandtın başçılıq etdiyi “Kiçik koalisiya hökuməti” hakimiyyətə gəldi. Hökumət “Yeni Şərq siyasəti”ni reallaşdırdı. Şərqi Avropanın müharibədən sonrakı sərhədləri tanındı, ADR-lə dövlətlərarası münasibətlər yaradıldı. Qərbi Berlinin statusu haqqında razılığa gəlindi.
“Kiçik koalisiya” hökumətinin gördüyü tədbirləri izah edin.
XX əsrin 70-ci illərinin iqtisadi böhranı başqa ölkələrə nisbətən AFR-ə daha az təsir göstərdi. Yeni seçkilərdə Helmut Koll federal kansler oldu. Yeni hökumət vergiləri və dövlət xərclərini azaltdı, biznesin dövlət tənzimlənməsini zəiflətmək, rəqabəti stimullaşdırmaq üçün tədbirlər gördü. Ölkədə iqtisadi yüksəliş başladı. Helmut Koll Almaniyanın birləşdirilməsinə nail oldu. Almaniyanın parçalanmasının rəmzi olan “Berlin səddi” dağıdıldı. 1990-cı il oktyabrında Almaniya birləşdirildi. H.Koll birləşmiş Almaniyanın ilk federal kansleri oldu.
Həmin illərdə Almaniya iqtisadiyyatı sabit şəkildə inkişaf edirdi.
Helmut Kollun fəaliyyətini təhlil edin və ona münasibət bildirin.
İtaliya. 1946-cı ilin iyununda İtaliyada ümumxalq referendumu və Müəssislər Məclisinə seçkilər keçirildi. Respublika tərəfdarları qalib gəldi. İtaliya respublika elan olundu. Alçide De Qasperi hökumətin başçısı oldu. 1947-ci ildə qüvvəyə minmiş yeni konstitusiyaya əsasən, hər cür ayrı-seçkilik qadağan olundu. Qadınlar kişilərlə bərabər hüquqlar aldılar. Məhkəmə hakimiyyətinin müstəqil olması təsbit olundu. Seçkilərdə çoxpartiyalı sistem qaydası tətbiq edildi və parlamentə yeni seçkilər keçirildi.
Respublikanın qurulması prosesi başa çatdırıldı. ABŞ-dan alınmış kredit sənayenin modernləşdirilməsinə və istehsalın yüksəldilməsinə kömək etdi.