Şarl de Qoll Qərbi Afrika müstəmləkələrinə müstəqillik verdi və Əlcəzairin istiqlaliyyətini tanıdı. O, Fransanın müstəqilliyini möhkəmləndirmək, ABŞ-ın Avropadakı təsirini zəiflətmək vəzifələrini həyata keçirdi. Lakin 1969-cu ildə referendumda məğlub olan Şarl de Qoll istefa verdi. Prezident seçilən Corc Pompidu ABŞ-la münasibətləri yaxşılaşdırdı. Lakin keçən əsrin 70-ci illərinin ortalarında növbəti prezident və parlament seçkilərində sol qüvvələr qələbə çaldılar.
Şarl de Qollun siyasi addımlarını müəyyənləşdirib sxem-cədvəl tərtib etməklə təhlillər aparın.
Sosialist Partiyasının lideri Fransua Mitteran prezident seçildi. Əməkhaqqı, pensiya və təqaüdlər artırıldı, iqtisadiyyata dövlət müdaxiləsi genişləndirildi.
Almaniya. İkinci Dünya müharibəsi Almaniya üçün faciəli nəticələrlə başa çatdı. Almaniya müstəqil dövlət kimi varlığını itirdi. Onun ərazisi 4 işğal zonasına bölündü.
Qərb dövlətləri “sovet təhlükəsi”nin güclənməsindən ehtiyat edərək Almaniyanın iqtisadi cəhətdən zəiflədilməsi planından imtina etdi və təzminat alınmasını dayandırdı. Az sonra ingilis, amerikan və fransız işğal zonaları birləşdirildi və Almaniya Federativ Respublikası yaradıldı. 1949-cu ildə Almaniya Federativ Respublikasının konstitusiyası qüvvəyə mindi. Almaniya Federativ Respublikası parlamentli respublika elan edildi. Konrad Adenauer federal kansler seçildi. Bonn şəhəri respublikanın paytaxtı oldu. Həmin ildə sovet işğal zonasında isə Almaniya Demokratik Respublikası yaradıldı. Berlinin şərq hissəsi paytaxt oldu. 1961-ci ilin avqustunda “Berlin səddi” çəkildi. Bu, böhrana səbəb oldu.
Qərb dövlətləri və SSRİ-nin Almaniya ilə bağlı yürütdüyü siyasətin səbəblərini izah edin.
AFR-in beynəlxalq mövqeyinin güclənməsi onun iqtisadi inkişaf sürəti ilə çox bağlı idi. ABŞ-ın “Marşal planı” üzrə maliyyə yardımı, ən müasir avadanlıqlar göndərməsi və ucuz işçi qüvvəsindən istifadə olunması iqtisadiyyatın sürətli inkişafına səbəb oldu.