Stalin bunun müqabilində Cənubi Saxalin, Kuril adaları, Mancuriyadakı dəmiryolu və Port-Arturun SSRİ-yə verilməsini tələb etdi.
Krım konfransında SSRİ-nin mövqeyinə qiymət verin.
Konfransda azad edilmiş Avropa haqqında bəyannamədə deyilirdi ki, qitə xalqlarının öz arzularına uyğun demokratik təsisatlar qurmasına təminat veriləcəkdir. Konfransda gələcəkdə yaradılacaq Birləşmiş Millətlər Təşkilatının (BMT)* iş qaydaları da müəyyənləşdirildi.
1945-ci ilin fevralında Qərbi Avropada müttəfiqlərin ümumi hücumu başlandı. Rur hövzəsində alman qoşunları mühasirəyə alınaraq məhv edildi. Həmin ilin aprelində sovet ordusunun Berlin əməliyyatı başladı. Aprelin 30-da Reyxstaq üzərinə Qələbə bayrağı sancıldı. Mayın 8-dən 9-na keçən gecə alman hökuməti adından feldmarşal V.Keytel təslim aktını imzaladı. Bununla da Avropada müharibə qurtardı.
* Birləşmiş Millətlər Təşkilatı (BMT) – Nizamnaməsi 1945-ci il iyunun 26-da San-Fransisko konfransında 50 dövlətin nümayəndəsi tərəfindən imzalanmış və həmin il qüvvəyə minmişdir. Əsas vəzifəsi beynəlxalq sülhü və təhlükəsizliyi qorumaq və möhkəmlətmək, dövlətlər arasında əməkdaşlığı inkişaf etdirməkdir.