Sovet qoşunları Qafqazda hücuma keçib almanları geri oturtdu. 1943-cü ilin yayında baş vermiş Kursk döyüşündə faşistlərin məğlub edilməsi ilə sovet–alman cəbhəsində əsaslı dönüş sona çatdı. Atlantik okeanında gedən döyüşlərdə də əsaslı dönüş baş verdi.
Müharibədə əsaslı dönüş faşist bloku ölkələrinin böhranına səbəb oldu.
Stalinqrad yaxınlığındakı döyüş nə üçün tam əsaslı dönüş sayılır?
1943-cü ilin iyulunda müttəfiq qoşunlarının Siciliyaya çıxması İtaliyada faşist Mussolini rejiminin devrilməsi ilə başa çatdı. İtaliyanın yeni hökuməti Almaniyaya müharibə elan etdi. Əsaslı dönüş başa çatdıqdan sonra Tehranda 1943-cü ilin payızında Anti-Hitler koalisiyasının əsas dövlət başçıları – F.Ruzvelt, İ.Stalin və U.Çörçillin ilk görüşü təşkil edildi. Avropada ikinci cəbhənin açılması Tehran konfransının əsas müzakirə mövzusu idi. Bu məsələdə müəyyən fikir ayrılığına baxmayaraq, ikinci cəbhənin 1944-cü ilin mayında Fransada açılması qərara alındı.
İkinci cəbhənin 1944-cü ilin mayında Fransada açılmasının səbəbi nə idi?
1944-cü il iyunun 6-da ABŞ generalı D.Eyzenhauerin komandanlığı altında müttəfiq qoşunları Şimali Fransaya (Normandiyaya) çıxarıldı. Bununla da Avropada ikinci cəbhə açıldı.
Müttəfiqlər həmin ilin sonuna kimi bütün Fransa və Belçikanın çox hissəsini azad etdilər. Bu dövrdə SSRİ ərazisi düşməndən tamamilə azad edildi. Sovet ordusu Şərqi Prussiya və Polşaya daxil oldu. 1944-cü ilin sentyabrında Bolqarıstan və Rumıniya müttəfiqlərlə barışıq imzaladı və Almaniyaya müharibə elan etdi. Bu zaman sovet ordusu Yuqoslaviyaya daxil oldu. Bu vaxt ABŞ qoşunları Marşal, Marian və Filippin adalarını tutub Yaponiyanın əsas dəniz yollarını nəzarət altına aldı.
Nə üçün SSRİ Mərkəzi və Cənub-Şərqi Avropa ölkələrindəki kommunistpərəst qüvvələri açıq müdafiə edirdi?
1945-ci ilin fevralında “böyük üçlüy” ün dövlət başçılarının Yaltada yeni görüşü keçirildi. Krım (Yalta) konfransı adlanan bu görüşdə qərara gəlindi ki, Almaniya danışıqsız təslim olmalı və ərazisi işğal edilməli, SSRİ, ABŞ, Böyük Britaniya ilə yanaşı, Fransaya da işğal zonası verilməli, Almaniyadan isə təzminat alınmalıdır. SSRİ yeni qərb sərhədlərinin qəti tanınmasına nail oldu. Bununla yanaşı, o, Almaniya ilə müharibə qurtarandan 2-3 ay sonra Yaponiyaya qarşı müharibəyə başlamaq barədəki öhdəliyinə sadiq qaldığını təsdiqlədi.