17. Müharibənin gedişində əsaslı dönüş.
Müharibənin başa çatması
Almaniya sarsıdıcı zərbələr vurmaqla bir çox ərazilərə sahib oldu. Buna baxmayaraq, İkinci Dünya müharibəsinin ikinci mərhələsi müharibənin tarixinə əsaslı dönüş kimi daxil olmuşdur.
Əsaslı dönüşün ilk addımları 1942-ci ilin yayında atıldı. ABŞ ordusu Sakit okeandakı Miduey adası yaxınlığında yaponlarla döyüşə başladı. Böyük itki verən Yaponiya Sakit okeanda hücuma başlaya bilmədi. Həmin ilin payızında isə ingilis ordusu Misirdə Əl-Əlameyn döyüşündə italyan–alman qoşunlarını məğlub etdi. Lakin müttəfiqlər verdikləri vədə əməl etməyərək 1942-ci ildə Avropada ikinci cəbhəni açmadılar. Bu, almanlara Şərqdə SSRİ-yə qarşı hücumu genişləndirməyə imkan yaratdı. Lakin almanların hücumu Stalinqrad yaxınlığında dayandırıldı. Sovet qoşunlarının əks-hücumu düşmənin ağır məğlubiyyəti ilə başa çatdı. Strateji üstünlük müttəfiq qoşunlarının tərəfinə keçdi. Müharibədə tam əsaslı dönüş yarandı.