SSRİ-ni müharibənin başlanmasının səbəbkarlarından biri hesab etmək olarmı? Cavabınızı əsaslandırın.
İkinci Dünya müharibəsinin əsas hərbi əməliyyatları Avropa, Asiya və Afrikada, habelə Atlantik və Sakit okeanda aparılırdı. 1940-cı ilin yazında alman ordusu bitərəflik mövqeyi tutan Danimarkanı, sonra isə Norveçi ələ keçirdi. Az sonra Hollandiya və Belçika təslim oldu. Alman qoşunları Kale limanını ələ keçirərək ingilis-fransız-Belçika qoşunlarını Dünkerkdə sahilə sıxışdırdı. Lakin Hitlerin əmri ilə hücum dayandırıldı və rəqibə mühasirədən çıxmaq imkanı verildi. Bu hadisə tarixə “Dünkerk möcüzəsi” adı ilə daxil oldu.
“Dünkerk möcüzəsi”nin mahiyyətini açıqlayın. Sizcə, bu “möcüzə” niyə baş verdi?
Mayın sonlarında almanlar Fransaya hücum etdilər. “Majino müdafiə xətti” yarıldı və alman qoşunları Parisə daxil oldu. Fransız faşistlərinin lideri marşal A.Peten təslim haqqında barışıq imzaladı. Ölkənin şimalı Almaniyanın təsiri altında qaldı. Fransa faşist hökuməti yalnız ölkənin cənubuna nəzarət edirdi. Böyük Britaniya faşistlərin güclü və aramsız hava hücumlarına məruz qaldı. Lakin Böyük Britaniyanın ciddi müqavimət göstərməsi faşistlərin planlarını puça çıxardı.
Müharibənin döyüş cəbhələrindən biri də Şimali Afrika idi. Almaniyanın müttəfiqi kimi Böyük Britaniya və Fransaya qarşı müharibəyə başlayan İtaliya Afrikada Keniyanın bir hissəsini, Sudanın mühüm məntəqələrini və Britaniya Somalisini ələ keçirdi. Lakin 1940-cı ilin payızında təşəbbüskar Böyük Britaniya qoşunları İtaliya ordusunun Misirə hücumunun qarşısını aldı və işğal olunmuş əraziləri italyanlardan azad etdi.
1941-ci ilin yazında Yuqoslaviya və Yunanıstan danışıqsız faşistlərə təslim oldu. Balkanlarda ingilislərin mövqelərinə ciddi zərbə vuruldu. Böyük Britaniya korpusu Misirə qaytarıldı.
Şərqdə fransızları məğlub edən yaponlar Çinin böyük bir hissəsini işğal etdilər. Yaponiya hərbi hissələri Vyetnam, Laos və Kampuçiyada yerləşdirildi. Bu dövrdə faşistlər, demək olar ki, bütün Avropanı özlərinə tabe etmişdilər. Qarşıda SSRİ-nin işğalı dururdu. Almaniya SSRİ üzərinə “Barbarossa”* adlı hücum planı hazırlamışdı. Plana görə, SSRİ 1941-ci ilin payızına kimi işğal edilməli idi.
1941-ci ilin iyununda Almaniya SSRİ-yə hücum etdi. “İldırımsürətli müharibə” strategiyasına əsaslanan alman qoşunları qışa qədər Arxangelsk–Həştərxan xəttinə çıxmaq niyyətində idi. Almanlar həmin ilin payızında Moskvaya yaxınlaşdılar. Lakin dekabrda sovet qoşunlarının əks-hücumu ilə Moskva ətrafında alman qoşunları darmadağın edildi. Bununla da “İldırımsürətli müharibə” planı boşa çıxdı.
* “Barbarossa planı” – Almaniya (Müqəddəs Roma) imperatoru Fridrix Barbarossun adı ilə bağlı plan