1821-ci ildə Osmanlılara qarşı yunanların qaldırdığı üsyandan istifadə edən Rusiya, İngiltərə və Fransa sultandan Yunanıstana muxtariyyət* verilməsini tələb etdi. Rədd cavabı alan müttəfiq donanması 1827-ci ilin oktyabrında Navarin limanında Osmanlı donanmasını məğlub etdi. Növbəti ildə isə Rusiya ilə yeni müharibə başladı. 1829-cu ildə imzalanmış Ədirnə sülhünün şərtlərinə görə, Valaxiya, Moldova və Serbiyaya muxtariyyət hüququ verildi. Rusiya ticarət gəmilərinin boğazlardan sərbəst keçidi təmin olundu. Yunanıstanla bağlı məsələyə baxılacağına təminat verildi. Növbəti ilin yazında Osmanlı dövləti Yunanıstanın müstəqilliyini qəbul etdi.
Yunanların üsyanından bəhanə kimi istifadə edən ölkələrin məqsədləri nə idi? Ədirnə sülhünü Buxarest sülhü ilə müqayisə edin. Ədirnə sülhünün şərtlərini dəyərləndirib nəticələr çıxarın.
Osmanlı dövlətinin geriliyini başa düşən mütərəqqi ziyalılar islahatların zəruriliyini dərk edir, ölkənin xilas yolunu xalqın maariflənməsində, konstitusiyalı monarxiya idarə üsulunun yaradılmasında görürdülər. Onlar bu yolla Avropa dövlətlərinin Osmanlı imperiyasının daxili işlərinə qarışmasının qarşısını almaq, daxili böhranı zəiflətmək istəyirdilər.
“Mütərəqqi ziyalılar” dedikdə nə başa düşürsünüz? Sizcə, onların bu istəyi ölkəni xilas edə bilərdimi? Siz ölkənin xilası üçün nə təklif edərdiniz?
1839-cu ilin noyabrında Sultan Əbdülməcid “Gülhanə xətti-şərifi” adlanan fərman verdi. Bu fərmanın davamı kimi həyata keçirilən və 1876-cı ilə qədər davam edən islahatlar Osmanlı tarixində “Tənzimati-xeyriyyə” adlanırdı. İslahatlardan ruhlanan ziyalılar İstanbulda gizli “Yeni osmanlılar” adlı cəmiyyət yaratdılar. Onların başlıca məqsədi konstitusiyanın qəbul olunması idi.
Ziyalıların başlıca məqsədi nə üçün konstitusiyalı monarxiya qurmaq idi?
* Muxtariyyət – daxili qanunvericilik və idarəetmə işlərində özünüidarə hüququ