1935-ci ildə qəbul edilmiş konstitusiyanın “Köləlik konstitusiyası” adlandırılmasının səbəbini izah edin.
Yaponiya. XIX əsrin ikinci yarısında Yaponiyada həyata keçirilən burjua islahatları ölkənin iqtisadi inkişafı üçün geniş imkanlar yaratdı. Ölkədə iri maliyyə oliqarxları* meydana gəldi. Onların içərisində yapon iqtisadiyyatının bütün sahələrinə nüfuz etmiş Mitsui və Mitsubişi xüsusilə fərqlənirdi. Faydalı qazıntılar baxımından ölkə kasıb idi: hakim dairələr getdikcə güclənən sənayeni xammalla təmin etmək üçün qonşu ölkələrin ərazilərini ələ keçirməyə can atırdılar.
Birinci Dünya müharibəsində “Antanta” tərəfində döyüşən Yaponiya müharibədən sonra əvvəllər Almaniya mülkləri olan Marian, Marşal və Karolin adalarını ələ keçirdi. Bu adaların tutulması Yaponiyanı ABŞ-ın əsas hərbi-dəniz bazası yerləşən Havay adalarına yaxınlaşdırdı.
Birinci Dünya müharibəsindən sonra yapon siyasi dairələrində “Böyük Yaponiya” qurmaq ideologiyası əsas siyasətə çevrildi. Bu siyasətin tərəfdarlarının böyük əksəriyyəti birbaşa imperator tərəfindən dəstəklənən “gənc zabitlər” idi. Onların əsas hədəfi insan ehtiyatları və təbii faydalı qazıntılarla zəngin olan Çinin böyük hissəsini, Böyük Britaniyaya məxsus Birma (indiki Myanma), Malayya və Hindistanı ələ keçirmək idi.
Burjua islahatları ilə Yaponiyanın işğalçılıq siyasəti arasındakı əlaqəni müəyyənləşdirin.
1931-ci ilin sentyabrında Çinin şimal-şərq hissəsini ələ keçirən Yaponiya növbəti il Mançjou-Qo adlı oyuncaq dövlət** yaratdı. Təcavüzkar siyasətini davam etdirmək məqsədilə Yaponiya Millətlər Cəmiyyətini tərk etdi. 1937-ci ilin yayında isə Yaponiya Çinlə müharibəyə başladı. O öz xarici siyasətində daha çox Almaniya ilə yaxınlaşırdı. 1938-ci ildə yapon hakim dairələri “Asiyada qayda yaratmaq” iddiası ilə çıxış etməyə başladılar. Monqolustana yapon təcavüzü SSRİ-nin münaqişəyə qoşulması nəticəsində dayandırılsa da, Çinlə aparılan müharibə 8 il davam etdi. Çinin bütün sahilboyu əraziləri yaponların əlinə keçdi. Almaniyanın Avropadakı uğurları Yaponiyanın İndoneziya adalarında və Hind-Çin yarımadasında fəal hərbi əməliyyatlara başlamasına təkan verdi.
* Maliyyə oliqarxları – əllərində külli miqdarda vəsait toplamış, dövlətin iqtisadi və siyasi həyatında hökmranlıq edən inhisarçı kapitalistlər
** Mançjou-Qo dövləti – Yaponiyanın işğal etdiyi Mancuriya ərazisində Yaponiyanın hərbi idarəsi tərəfindən yaradılan oyuncaq dövlət. Paytaxtı Sintsin olan bu dövlətin başında Mancur Tsin sülaləsindən olan imperator Pu Yi dururdu.